Azərbaycanda İnsan Kapitalı üzrə Yüksək Səviyyəli Forum keçirilib

21 December 2018

Share:

Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü tibbi və sosial məsələlərə həsr olunub.

21 dekabr tarixində keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların uğurlu nəticələri barədə danışıb. O bildirib ki, hazırda Azərbaycan sosial bərabərsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasında yer alıb. Ölkəmizdə güclü qadın siyasəti həyata keçirilir. Bütün yerli icra hakimiyyətlərinin başçılarının müavinlərindən biri qadındır. Hər bir dövlət qurumunda gender üzrə məsul şəxslər fəaliyyət göstərir. Qanunlar kişi və qadınların dövlətin idarə olunmasında bərabər təmsilçiliyə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir.

Komitə sədri deyib ki, dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaşlar və onların maraqları dayanır. Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir. Ölkəmizdə hər bir uşaq üçün də bərabər imkanlar yaradılıb. Uşaq hüquqlarının müdafiəsi üzrə çox ciddi nəzarət və monitorinq mexanizmi mövcuddur. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsi hazırlanıb. Gələn il bu sənədin qəbul olunması gözlənilir.

Komitə sədri bildirib ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. ““2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir. Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019" yeni dövrün ilk bir neçə indikatoru üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr ölkəmizin gələcəkdə digər indikatorlar üzrə daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır”.

Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir deyə vurğulayan Hicran Hüseynova bildirib ki, son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artmışdır. Yeni infrastrukturun yaradılması, rayon və kəndlərə yolların çəkilməsi, onların qazlaşdırılması istiqamətində mühüm layihələr reallaşdırılıb. ASAN Xidmət mərkəzlərinin açılışı və uğurlu fəaliyyəti sosial xidmət sahəsində ən gözəl nümunədir.

Hicran Hüseynova ölkəmizdə vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və onların sosial müdafiəsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən də bəhs edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dünyada insan kapitalının ümumi sərvətin 60 faizini təşkil etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin qəbul etdiyi Strateji Yol xəritələri barədə məlumat verən icraçı direktor burada da insan kapitalının inkişafına xüsusi diqqət yetirildiyini deyib. O, daha yüksək nəticələrə nail olunması üçün insan kapitalını əmək bazarının inkişafına uyğunlaşdırmağın vacibliyini qeyd edib.

Forum işini məruzələr və panel iclaslarla davam etdirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli və başqaları təmsil etdikləri qurumun gördüyü işlərdən danışıb, iştirakçıların suallarını cavablandırıblar.