Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində məcburi köçkün qadınlar üçün təlim keçirilib

17 May 2019

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə həyata keçirilən “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında Cinsi və Gender əsaslı Zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 16 may 2019-cu ildə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 81 saylı orta məktəbdə təlim keçirilib.

Təlimi Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və layihə koordinatoru Lyüdmila Xəlilova aparıb.

         Təlimdə Xocalı, Füzuli və Zəngilan rayonlarından olan 35 nəfər məcburi köçkün qadınlar iştirak edib.  İştirakçılara 10 oktyabr 2010-cu ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi, qadın hüquqları, gender bərabərliyi, erkən nikahlar haqqında ətraflı məlumatlar verilib.

Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı,  Komitənin nəşri olan “Əlilliyi olan qadınlar üçün sağlamlıq haqqında” stolüstü kitab, Komitə ilə UNHCR–ın birgə çap etdiyi “Məişət zorakılığının qarşısını alaq” adlı kitabça, “Qadın alveri” bukleti iştirakçılara paylanılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.