Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri ilə görüşüb

18 June 2019

Share:

18 iyun 2019-cu il tarixində “Avropada uşaqların onlayn cinsi istismarı və aldadılması” adlı layihə çərçivəsində Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes ilə görüşü keçirilib.

Ölkəmiz “Avropada uşaqların onlayn cinsi istismarı və aldadılması” adlı layihənin pilot şəkildə keçirilməsi üçün Avropa Şurası tərəfindən seçilən ölkələr sırasındadır. Avropa Şurası tərəfindən Azərbaycana təşkil olunmuş fakt-araşdırma səfərinin məqsədi Azərbaycanda uşaqların onlayn cinsi istismarı və aldadılması ilə bağlı müvafiq qanunvericilik, siyasət və təcrübə sahəsində boşluqların təhlili ilə əlaqədar araşdırmaya dəstək verməkdir.

Görüşdə Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes ilə yanaşı, baş layihə rəhbəri xanım Naomi Trevinnard, layihə rəhbəri cənab Ovidiu Majina, ekspertlər cənab Mark Cameron və Emin Abbasov, eyni zamanda, Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Aparatın rəhbəri Ceyran Rəhmətullayeva və digər əməkdaşlar da iştirak edib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, Komitənin fəaliyyəti, ailə, qadın və uşaq məsələləri istiqamətində görülən işlər haqqında məlumatları diqqətə çatdırıb. O bildirib ki, Komitə uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə də bir sıra tədbirlər həyata keçirir. Bildirilib ki, uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin aşılanması məqsədilə mütəmadi olaraq Komitə tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Hicran Hüseynova qeyd edib ki, ölkəmizdə müvafiq istiqamətdə qanunvericilik bazası təkmilləşdirilir. Onu da vurğulayıb ki, müstəqil dövlətimizin ali qanunları dövlət uşaq siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.

Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti illərdə Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə fikir mübadiləsi aparılıb.