Nizami Kino Mərkəzində “Mələk” tammetrajlı bədii filmi nümayiş olunub

9 December 2019

Share:

Dekabrın 9-u Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə gənc prodüsser Kənan Fərzəliyevin (Aydın) işçi qrupu ilə birgə ərsəyə gətirdiyi “Mələk” tammetrajlı bədii filmi  “Nizami” Kino Mərkəzində nümayiş olundu.

Nümayişdə tanınmış incəsənət xadimləri, hökumət və  media nümayəndələri, YAP Gənclər Təşkilatı üzvləri iştirak edib.

Filmin təqdimat mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, hər bir çəkilən film inkişafdır, mədəniyyətdir və Azərbaycan mədəniyyətinə yeni töhfədir.

Qeyd edilib ki, filmin nümayişi Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirilir.

E.Səfərov gənclər tərəfindən ekranlaşdırılan belə layihələri yüksək qiymətləndirib və bu işə hər zaman dəstək verməyə hazır olduqlarını bildirib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev ekran əsərinin yaradıcı heyətinə uğurlar arzulayaraq bu işdə əməyi olanlara təşəkkür ediblər.

Vurğulanıb ki, zorakılıq, xüsusən də qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalır. Bu hal bütün dünya ölkələrində müşahidə olunur. Qeyd edilib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalar əsas götürülərək bu istiqamətdə bir çox layihələr icra olunub.

Filmin prodüsseri Kənan Aydın və quruluşçu rejissoru Elmar Məmmədov bütün iştirakçıları salamlayaraq onlara dəstək verən qurumlara minnətdarlıqlarını bildiriblər.

Ssenari müəllifi Aysel Ateş Abdullazadə olan filmdə Xalq artisti Kazım Abdullayev, aktyorlar Xatirə Süleymanova, Kənan Aydın və Leyla Səlim çəkiliblər.

Sonra film nümayiş olunub.

Film “O evdən kəfənsiz çıx!” şüarı ilə erkən nikahlara, qadına şiddətə və ailədaxili zorakılığa qarşı dayanışmanı əks etdirir.