Komitədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı

12 December 2019

Share:

12 dekabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Fəxri Xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş dahi şəxsiyyətdir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada böyük nüfuz qazanmış görkəmli dövlət xadimidir. Bütün mənalı ömrünü ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimiz hər zaman Azərbaycan xalqının mənafeyini düşünmüşdür və bu istiqamətdə apardığı məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil etmişdir. 

Hicran Hüseynova Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin dövlət qadın siyasəti olduğunu qeyd edərək bildirib ki, Heydər Əliyev qadın hərəkatını dəstəkləyərək, onların səlahiyyətlərinin artırılması üçün mühüm imkanlar yaratmışdı. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev həyatın müxtəlif sahələrində çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini diqqətlə izləmiş, onların hüquqlarının qorunmasına xüsusi diqqət yetirmişdir.

Komitə sədri qeyd edib ki, bu gün  Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva  Ulu Öndərin ideyalarını  davam etdirir və daha da gücləndirirlər. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, Ümummilli Liderin respublikamızın bütün sahələr üzrə inkişafı, ölkəmizin dünyaya tanıdılması istiqamətində gördüyü işləri, öz xalqı və dövləti qarşısında misilsiz xidmətlərini vurğulayıb. O bildirib ki, Ulu Öndər milli dövlətçiliyimizin təməlini qoymuşdur və sağlam təməl üzərində qurulan ölkəmiz bu gün sürətlə inkişaf edir və dünya dövlətləri sıransında öz layiqli yerini tutur.

Komitə əməkdaşları da çıxış edərək Ulu Öndərin ölkəmiz üçün gördüyü böyük və əvəzolunmaz işlər haqqında danışaraq, xatirəsini dərin ehtiramla yad ediblər.