Komitədə uşaq hüquqları ilə bağlı növbəti görüş keçirildi

9 January 2020

Share:

Uşaqların cəmiyyətdə üzləşə biləcəyi zorakılıq hallarından müdafiəsi, onların öz hüquqlarını bilməsi və müdafiəsi ilə bağlı bacarıqlarının artırılması bu gün aktual məsələlərdən biridir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq uşaqların iştirakı ilə uşaq hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr aparır, onların öz hüquqları ilə bağlı problemlərinin həlli sahəsində maarifləndirilməsi işləri həyata keçirir. Bu məqsədlə 9 yanvar 2020-ci il tarixində uşaqların təşəbbüsü ilə Komitədə növbəti tədbir keçirilib.

Tədbirdə Komitə sədrinin müavini Aynur Sofiyeva müasir dövrdə uşaq hüquqlarının müdafiəsi sahəsində aktual məsələlər barədə uşaqları məlumatlandırıb, ailədaxili münasibətlərin uşaqların tərbiyəsinə təsiri, cəmiyyətdə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, uşaqların gündəlik həyatda üzləşə biləcəyi xoşagəlməz hadisələrdən müdafiəsi ilə bağlı fikirlər səsləndirib.

Tədbirdə uşaqlar öz hüquqları, onları narahat edən məsələlər barədə çıxışlar edib, təkliflər irəli sürüblər. Çıxış edənlər uşaqların təhlükəsizliyində valideynlərin və böyüklərin rolunu vacib hesab edərək, uşaqların hüquqlarının müdafiəsində özlərinin daha fəal olmalarının əhəmiyyətini vurğulayıblar. Uşaqlar xüsusilə regionlarda uşaqların zorakılıq hallarından müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsini və nəzarət tədbirlərinin gücləndirilməsini, uşaqların fikirlərinə hörmətlə yanaşılması məqsədilə ailələrlə maarifləndirmə işlərinin aparılmasını, cəmiyyətdə hər bir uşağa qarşı hörmət hissinin aşılanması məqsədilə kütləvi təbliğat kampaniyalarının aparılmasını, uşaqlara qarşı cinayət hadisələrini törədənlərin cəzalandırılması ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Komitə sədrinin müavini Aynur Sofiyeva uşaqların fikirlərinə və təkliflərinə münasibət bildirərək bu istiqamətdə maarifləndirmə işlərinin aparılması üçün təhsil aldıqları məktəbdə, ictimai həyatda aktiv olmaları barədə tövsiyələrini verib.