Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş bir qrup uşağın Təhsil naziri Mikayıl Cabbarovla görüşü təşkil edilib

21 July 2017

Share:

2017-ci ilin noyabr ayında Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçirilməsi nəzərdə tutulub. Bununla bağlı 2017-ci ilin mart-aprel aylarında regional görüşlər keçirilib və uşaq hüquqları sahəsində bilikləri olan, mövzu üzrə sərbəst surətdə fikirlərini ifadə edən uşaqların seçimi aparılıb.

Seçilmiş uşaqların Forumda aktivliyini təmin etmək, Forumda müzakirəyə çıxarılacaq mövzular üzrə onların biliklərini və problemə yanaşma tərzini təkmilləşdirmək məqsədilə il ərzində uşaqların iştirakı ilə uşaq hüquqlarının ayrı-ayrı sahələri üzrə tədbir, təlim və görüşlərin keçirilməsi nəzərdə tutulub. İlk tədbir uşaqların təşəbbüsü ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Milli Məclisdə vitse-spiker Bahar Muradovanın sədrliyi ilə baş tutub.

Növbəti görüş 21 iyul 2017-ci ildə Təhsil Nazirliyində Təhsil naziri Mikayıl Cabbarovla Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş bir qrup uşağın iştirakı ilə keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, Forum və Foruma uşaqların seçimi, həmçinin Forum nümayəndələrinin aidiyyəti dövlət qurumlarının rəhbərləri ilə görüşlərinin onlar üçün əhəmiyyətini vurğulayıb

Daha sonra Təhsil naziri Mikayıl Cabbarov uşaqlarla görüşündə böyük məmnunluğunu ifadə edib, onlarla bağlı təşkil edilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Tədbir zamanı uşaqlar Təhsil naziri tərəfindən onların maraqları, gələcək ixtisas seçimləri, həmçinin xarici dil və informasiya texnologiyaları sahəsinə olan maraqları ilə bağlı suallarını cavablandırıblar, eyni zamanda uşaqlar tərəfindən onları maraqlandıran, həmçinin qarşılaşdıqları çətinliklərlə bağlı səsləndirilən suallar nazir tərəfindən cavablandırılıb.