Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarının seçimi aparılır

2 March 2017

Share:

Bu il Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçiriləcək. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin bütün şəhər və rayonlarından forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə regional görüşlərə start verilib.

AZƏRTAC xəbər verir ki, ilk belə görüş 2 mart 2017-ci il tarixində Mingəçevir şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilib.

Mingəçevir, Yevlax, Ağdaş, Naftalan və Ucardan olan 10 uşaq forumda iştirak etmək hüququ qazanıb.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək, bugünkü görüşə xüsusi istedada malik, o cümlədən qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqların dəvət edildiyini bildirib.

Qeyd olunub ki, görüşdə Mingəçevir, Yevlax, Ağdaş, Naftalan və Ucardan fərdi şəkildə müsahibələr aparılaraq seçilən uşaqlar iştirak edir. Hər bir rayon və şəhər üzrə öz fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən iki fəal uşaq, yəni bölgə üzrə ümumilikdə 10 uşaq forumda iştirak etmək hüququ qazanıb. Ölkəmizin digər bölgələrində də bu cür istedadlı uşaqların seçilməsi məqsədi daşıyan görüşlər mart-aprel aylarında davam etdiriləcək.

Forumun keçirilməsində məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.

Regional görüşdə, həmçinin AZƏRTAC-ın Uşaq Bilik Portalının (www.portal.azertag.az) təqdimatı keçirilib. Beş şəhər və rayondan şagirdlərin və müəllimlərin iştirak etdiyi təqdimat mərasimində AZƏRTAC-ın əməkdaşı Xanım Nağıyeva çıxış edərək, portal barədə məlumat verib. 2013-cü ildən fəaliyyət göstərən portal müxtəlif yaş qruplarından olan uşaqlar üçün nəzərdə tutulub. Burada tarix, mədəniyyət, elm və digər mövzular, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar təqdim olunur, “Azərbaycan”, “Xəbərlər”, “Ensiklopediya”, “Bizi əhatə edən dünya”, “Nənənin sandıqçası” və digər bölmələr fəaliyyət göstərir. Eyni zamanda, uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və inşalara da yer ayrılır. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.

Sonra Uşaq Bilik Portalına həsr olunan videoçarx təqdim edilib. Portal uşaqların marağına səbəb olub.

Tədbir çərçivəsində “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual oyununun zona mərhələsinə start verilib. Bu mərhələdə Mingəçevir, Yevlax, Ağdaş, Naftalan və Ucarı təmsil edən komandaların tərkibinə daxil olan 25 şagird mübarizə aparıb. Yarışda fərqlənən Naftalan komandası final turunda iştirak etmək hüququ qazanıb. Final yarışları aprel ayında Bakıda keçiriləcək.

Komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib.