BAHAR MURADOVA
Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri
BAHAR MURADOVA
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (12 mart 2020-ci il).
QISA BİOQRAFİK MƏLUMAT:
1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub.
Ailəlidir, bir qızı var.
TƏHSİLİ:
B.Muradova 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini və 2000-ci ildə isə “Azərbaycan” Universitetinin hüquq fakultəsini bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ:
1981-ci ilin may ayından Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayan Bahar Muradova 1989-1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-1993-cü illərdə “Qayğı” Cəmiyyətinin Yasamal rayon təşkilatının məsul katibi, 1993-1995-ci illərdə isə Yasamal Rayon İcra Hakimiyyətində təlimatçı vəzifəsində işləmişdir.
1995-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsində referent vəzifəsinə təyin olunmuş və burada 2000-ci ilin fevral ayınadək çalışmışdır.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1994-1999-cu illərdə YAP Yasamal rayonu təşkilatı İdarə Heyətinin üzvü, 1995-2009-cu illərdə YAP Qadınlar Şurası sədrinin müavini olmuşdur. 1999-cu ildə keçirilən Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şuranın və İdarə Heyətinin üzvü, 1999-2005-ci illərdə YAP icra katibinin müavini olmuşdur.
2013-cü ildən YAP Beynəlxalq Əlaqələr komissiyasının sədridir. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
2005-ci ildən 2019-cu ilədək Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, 2015-ci ildən 2019-cu ilədək Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri olmuşdur.
2005-ci ildən 2019-cu ilədək ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, 2008-ci ildən 2019-cu ilədək Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olmuşdur.
2006-cı ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, 2015-ci ildən isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
MÜKAFATLAR:
2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
2017-ci ildə ölkəmizdə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Milli Məclisin Fəxri medalı ilə təltif olunmuşdur.
2018-ci ildə “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Bir sıra yerli və beynəlxalq mükafatların laureatıdır.
ELMİ FƏALİYYƏTİ:
2009-cu ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə “Azərbaycan Respublikası Milli Məclisinin xarici-siyasi əlaqələri: İkitərəfli və çoxtərəfli əməkdaşlıq” mövzusunda elmlər doktoru proqramı üzrə dissertantdır.