Forum iştirakçılarının tribunası
Gilas Mehdiyeva: Hacıqabul rayonu, 10 nömrəli texniki təbiət fənlər təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdi.
Həm özümün, həm də bütün yaşıdlarımın problemlərini müzakirə obyekti etmək üçün Forumdan gözəl fürsət ola bilməz.
İstənilən mövzuda tədbirlər məni həmişə maraqlandırıb. Təbii ki, bu cür önəmli Forum da maraq dairəmin kənarında qala bilməzdi. Forumda seçdiyim mövzunu təqdirəlayiq şəkildə təqdim etmək və təbii ki, birincilər sırasında olmaq, bundan əlavə, Forumda xarici qonaqların olacağını nəzərə alsaq, onlara sevə-sevə doğma ölkəmiz haqqında məlumat vermək, eləcə də uşaq problemləri barədə informasiya mübadiləsi aparmaq istəyirəm.
Orxan Yusifov: Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyasının I kurs tələbəsi.
Mən bu forumun hər bir problemi 100% həll edəcəyini deyə bilmərəm, lakin hər şeyi həll etməsə də, çox şeyi həll edə bilər.
Məncə fikrimi səlis və doğru şəkildə ifadə etməyim, yəni hər hansı informasiyanı auditoriya inanacaq və başa düşəcək şəkildə çatdırmağım, Vətənimizin atributlarına dərin rəğbət bəsləməyim Foruma seçilməyimdə önəmli rol oynadı.Natiqliq qabiliyyətim də məni bir çoxlarından fərqləndirir. Zamana və məkana tez uyğunlaşıram. Mən Vətənimə olduqca bağlı biriyəm. Hətta gələcəkdə xaricdə oxumaq belə istəməzdim, amma Vətənimin inkişafı üçün bu labüddür. Unutmayaq ki, Vətəni çox sevmək şovinizim, eqoizim və ya millətçilik deyil, Vətən sevgisi insanın ruhunda yaranan, yaşayan və ucalan ən ülvi, sonsuz və müqqəddəs sevgidir.
Çingiz Qarayev: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I kurs tələbəsi
Forumda iştirak etmək sadəcə xüsusi əhəmiyyətli bir tədbirdə iştirak etmək deyil, həm də məsuliyyətli və uzun bir yolun sonunda əldə olunmuş qələbədir.
Bütün insanlar bərabər hüquqla doğulurlar. Deməli,hüquqlarımız sayəsində əldə etdiyimiz imkanlar da bərabərdir. Lakin bu imkanlardan necə və hansı şəraitdə yararlanmaq fərdin öz bacarıq və qabiliyyətindən asılıdır.Mənim fikrimcə,Forumda iştirak etmək hüququnu əldə etmiş şəxs axıcı nitqə sahib olmalıdır;müxtəlif situasiyalarda özünü ələ ala bilməyi,ən qısa zamanda vəziyyətdən çıxış yolunu tapmağı və fikrini sərbəst şəkildə ifadə etməyi bacarmalıdır.Bundan əlavə, auditoriyanın diqqətini öz üzərində cəmləşdirməyi bacarmalı və zəngin dünyagörüşünə malik olmalıdır.Məhz bu cür xüsusiyyətlər sayəsində Forumda iştirak etmək imkanını əldə etdiyimi düşünürəm. Qeyd etmək istərdim ki, Forum Azərbaycanın müxtəlif bölgələrindən olan və nəinki Azərbaycanın,hətta ölkəmizin sərhədlərindən kənarda yaşayan müxtəlif ölkələrdən olan uşaqlarla ünsiyyət qurmaq üçün bir körpüdür.Mən də yeni qurulacaq tanışlıqların və əldə edəcəyim əhəmiyyətli məlumatların gələcəyimə müsbət yöndə təsir edəcəyini fikirləşərək bu Forumda iştirak etmək istədim.
Elnarə Qurbanova: Pirallahı rayonu 243 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi.
Məncə, Forum uşaqların şəxsiyyət kimi formalaşmasına, inkişafina, vətənpərvər ruhlu müasir Azərbaycan gənci olmasına kömək edəcək.
Düşünürəm ki, Forum iştirakçısı olmaq üçün fəal, öz fikirlərini lazımi səviyyədə ifadə edə bilmək, savadlı olmalıyıq ki, Forumda öz sözümüzü deyə bilək, təmsil etdiyimiz rayonun uşaqları adından çıxış edə bilək. Forumda müzakirəyə çıxarılacaq məsələlərin gələcək fəaliyyətimizə töhfə verəcəyi danılmazdır.
Tatyana Kazakova Serqeyevna: Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbin 10- cu sinif şagirdi.
Düşünürəm ki, Forumda iştirak etməyimiz bizim üçün çox vacibdir. Bu fürsəti bizlərə verdikləri üçün bütün əməyi keçən insanlara dərin təşəkkürümü bildirirəm. Əminəm ki, gələcək işlərimizin düzgün qurulmasına istiqamət verəcək, qarşımızda işıqlı bir gələcəyin açılmasına imkan yaradacaq. Forum biz gənclərin mehriban, səmimi münasibətinə zəmin yaradır, multikultural dəyərləri gücləndirir və ölkəmizin tolerantlığını bir daha sübut edir.
Tural Abbasov: 250 nömrəli məktəbin şagirdi.
Hər kəs üçün təhsil və gender bərabərliyi
Təbii ki, cəmiyyətimizi və məni şəxsən narahat edən problemləri dilə gətirmək və onlara öz baxış açımı bildirməyin gələcək həyatımda böyük rol oynayacağına inanıram və bu da Forumda iştirak etmək istəməyimin əsas səbəbidir. Fikrimcə, öz məktəbimdə göstərdiyim liderlik bacarıqlarım və xarici dil biliklərim Foruma seçilməyimə təsir edən əsas amillərdəndir. Forumdan gözləntilərim böyükdür və onların qarşılanacağına inanıram.
Nigar Quliyeva: III və IV Forumların iştirakçısı. Bakı Oksford məktəbinin 6-cı sinif şagirdi.
Forumda iştirak etməklə uşaqların üzləşdiyi problemlər barədə, xüsusilə uşaqların hüquqlarının qorunması ilə bağlı bir çox məlumatlar, yeni biliklər əldə etdim, çoxlu dostlar qazandım. Biz dostlarımızla birlikdə təklif və fikirlərimizi səsləndirdik və yekun sənədin hazırlanmasında yaxından iştirak etdik. Biz indi də dostlarımızla birlikdə tez-tez görüşürük, bu məsələlər ətrafında müzakirələr aparırıq, digər uşaqları, xüsusilə sağlamlıq imkanları məhdud uşaqları bu işə cəlb edirik. Gələcəkdə isə hüquqşünas və siyasətçi kimi insan hüquqlarının qorunması, əsasən Qarabağ köçkünlərinin hüquqlarının bərpası ilə bağlı fəaliyyət göstərmək arzusundayam.
Eldar Qafarov: Xarkov Dövlət Ticarət və Qida Universitetinin I kurs tələbəsi.
Komitənin uşaqlar üçün təşkil etdiyi bu tipli tədbirlər bizlərin inkişafı üçün çox önəmlidir.
Uşaqlarla bağlı dövrümüzdə bir çox narahatlıq yaradan məsələlər mövcuddur. Eyni zamanda zorakılıq, narkomaniya, psixoloji təzyiq, cəmiyyətdə və ailədə uşaqlara qarşı qeyri-normativ rəftar və s. misal olaraq göstərmək olar. Bütün bunlar mən daxil hərkəsi narahat edir. Lakin məni bu mövzular arasında ən çox narahat edənlər narkomaniya, cəmiyyət və ailə tərəfindən uşaqlara qarşı göstərilən qeyri-normativ rəftardır. Sözü gedən çətinliklərə uşaqların ailə üzvləri tərəfindən, dostluq etdiyi bəzi şəxslər tərəfindən, bir sözlə, ətrafında olan insanlar tərəfindən məruz qaldıqları mənfi xarakter daşıyan davranışlar aiddir. Çünki bu problemlər fikrimcə, bir uşağın həyat tərzinə və bir şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini göstərən başlıca amillərdəndir.
Türkanə Kərimli: Nizami rayon 1 nömrəli Uşaq Evinin sakini. 220 saylı məktəb liseyin 10-cu sinif şagirdi.
İstərdim ki, Forum zamanı bizimlə etdikləri söhbətləri, müzakirələri və maarifləndirmə işlərini böyüklərimizlə də (valideyn, müəllim) aparsınlar.
Mən bu Foruma böyük həvəslə qatıldım və mənə yaratdıqları imkanlardan da çox razıyam. Forum həm intellektuallıq, həm də dünyagörüşünü artımaq baxımından əhəmiyyətlidir. İstərdim ki, Forumda uşaq alverinə qarşı tədbirlərin gücləndirilməsi, bu cür cinayət törədənlərə qarşı cəzaların daha ağırlaşdırılması, uşaq istismarının qarşısının alınmasına daha ciddi nəzarət məsələsi müzakirə olunsun.
Elnamə Məmmədova : Laçın rayon Badamdar ümumi orta məktəbin VII sinif şagirdi.
Bu Forumda uşaqlar təhsilə daha çox önəm verəcək, elmin bir xəzinə olduğunu anlayacaqlar.
Hər bir uşağın məktəbdən sonra boş vaxtı olur və boş vaxtı səmərəli keçirmək lazımdır. Mən istəyirəm ki, Forumda biz uşaqlar vaxtımızı necə səmərəli keçirə biləcəyimiz haqqında danışılsın. Bütün uşaqların təhsil almaq hüququ var. Bu Forumda uşaqlara təhsilin insan həyatındakı rolu haqqında da danışacağıq. Bu Forumda uşaqlar təhsilə daha çox önəm verəcək, elmin bir xəzinə olduğunu anlayacaqlar. Bəzi uşaqların valideynləri onları məcburi əməyə cəlb edir. 15 yaşdan az yaşı olan uşaqların məcburi əməyə cəlb edilməsi qadağandır. Məncə Forumda bu uşaqlar və onların valideynləri haqqında danışılsa, daha yaxşı olar.
Mehriban Əliyeva: Bakı Oksford məktəbinin 5-ci sinif şagirdi.

Fidan Rzayeva: Xətai rayonu 287 saylı Zəkalar liseyinin 10-cu sinif şagirdi.
Düşündüyünü lazımi formada cəmiyyətə çatdırmaq qabiliyyətinə malik hər bir gənc özünə gözəl imkanlar yaratmağı bacarar.
Məni ən çox narahat edən məsələ müharibə regionlarında yaşlarına dəfələrlə ağır gələcək bir şəkildə qan, zülm, kədər içində yaşayan və dilənçiliyə, işləməyə məcbur edilən uşaqlardır. Düşünün, bir azca yağış yağdımı, hamımız isti evimizə tələsirik. Evə çatana kimi nə qədər üşüsək də, bilirik ki, nəhayətində gedəcəyimiz bir isti yuvamız var. Bu uşaqlara dəstək olmaq üçün biz də əlimizdə gələni etməliyik. Bəzən özümüzü onların yerinə qoymağa çalışmalı, bu problemin həlli ilə bağlı düşünməli və həmçinin bunu digərləri ilə paylaşmalıyıq. Belə düşünürəm ki, bu, hər bir fiziki və əqli cəhətdən sağlam fərdin vicdani borcudur.
Çinarə Mustafayeva: Şəki şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi.
Forum öz fikirlərimizi harada, necə, kimlərə demək kimi sualların cavablarını tapmaqda bizə kömək edir.
Təsəvvür edin ki, siz öz ətrafınızda bir çox problemleri görürsünüz, bu mövzuda nələrisə dəyişdirmək, öz fikirlərinizi demək istəyirsiniz. Uşaqları maraqlandıran suallara cavab olaraq Forum bizə bu şansı verir. Ölkəmizin hər bölgəsindən olan,cəmiyyətimizdə yararlı olacaq yeni fikirlərə sahib uşaqlar üçün bu mükəmməl bir fürsətdir. Və mən də Forumda iştirak etmək şansını əldən verə bilməzdim.
Sinan Əlmərdanov: Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbinin 8-ci sinif şagirdi.

Samirə Orucova: Cəbrayıl rayonu, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin 9-cu sinif şagirdi.
Forumda iştirak edəcək hər uşağın dünyagörüşü artacaq. Biz özümüzdə olan qabiliyyətləri üzə çıxara biləcəyik. Məncə, Forum uşaqların şəxsiyyət kimi yetişməsində də böyük rol oynayacaq. Forum bizə şərait yaradacaq ki, bizi düşündürən, narahat edən məsələləri öz dilimizlə deyə bilək. Bu Forum biz uşaqların içində bir ümid hissi yaradacaq. Ölkəmiz müharibə vəziyyətindədir. 300 mindən artıq uşaq öz doğma torpağından didərgin düşüb. İstərdim ki, onlar el-obalarına qayıtsınlar, mənim yaşadığım sevinci onlar da yaşasınlar.