Forumların tarixi
AZƏRBAYCAN UŞAQLARININ ÜMUMRESPUBLİKA FORUMLARININ TARİXİ
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli, 103 saylı Sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Uşaq hüquqlarının müdafiəsi və müvafiq sahədə mövcud vəziyyətin təhlili və öyrənilməsi baxımından cəmiyyətin həssaslığının artırılması məqsədilə, eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 saylı Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın 3.6.4.3–cü bəndinin icrasına uyğun olaraq, 2009-cu il 16-19 dekabr tarixlərində Azərbaycanda ilk dəfə Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu və 2011-ci il noyabrın 16-da Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu, 2014-cü ilin noyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-lə birgə Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilmişdir.
Keçirilən Forumlarda Respublika tabeli şəhərlərdən, rayonlardan, Bakı şəhərinin rayonlarından, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından uşaqlar, eyni zamanda milli azlıqları, sağlamlıq imkanları məhdud olan uşaqları, valideyn himayəsindən məhrum olan uşaqları, məcburi köçkün və qaçqın uşaqları təmsil edən nümayəndələr də iştirak edir.
Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirilərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini qaldırmaq, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi; işçi qruplarda təhsil, səhiyyə, sosial müdafiə, uşaqlara qarşı zorakılıq, ayrı-seçkilik, ətraf mühitin qorunması, zərərli vərdişlər, asudə vaxtın təşkili, vətənpərvərlik, milli adət və ənənələr, multikulturalizm və s. mövzular ətrafında fikir mübadiləsinin aparılması məqsədilə keçirilir.
Forumlarda 6-18 yaş arası uşaqlar iştirak edirlər. Forum iştirakçılarının seçimi zamanı aşağıdakı qaydalar rəhbər tutulur.
İntellektual səviyyəsi yüksək olan; Prezident təqaüdçüləri; Beynəlxalq bilik yarışlarının qalibləri; Fənn olimpiyaların qalibləri; Olimpiya oyunlarında medal qazananlar; Ünsiyyət qurmağı bacaran; Məktəbin ictimai həyatında fəal iştirak edən; Təhsildə davamiyyəti yüksək olan; Ali məktəblərə yüksək balla daxil olan; Xüsusi bacarıqları ilə seçilən; Fikirlərini sərbəst ifadə edə bilən uşaqlar seçilə bilər.
17-18 dekabr 2009-cu il tarixində ilk dəfə olaraq Azərbaycan Uşaqlarının I Forumu keçirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və NUR Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən təşkil edilən forum Azərbaycanda 2009-cu il - Uşaq İlinin yekunlarına həsr olunmuşdur. 56 rayon və şəhərdən 250 uşağın qatıldığı forumda Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təbrik məktubu oxunmuşdur. I Forum zamanı 2009-cu ilin Uşaq İli elan olunmasının vacibliyi və əhəmiyyəti vurğulanmış, uşaqların müdafiəsi və inkişafına dair qazanılan ən yaxşı təcrübələr, qarşıya çıxan maneələr, mövcud problemlər və zəruri tədbirlər nəzərdən keçirilmişdir. Sonra Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsinin qəbul edilmişdir. Tədbirin sonunda forum iştirakçılarının prezident İlham Əliyevə müraciəti və yekun bəyannamə qəbul olunmuşdur.
16 noyabr 2011-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçirilmişdir. Respublikanın 85 rayon və şəhərindən 350 uşağın qatıldığı forumda xüsusi qayğıya ehtiyacı olan, xüsusi istedadı olan, valideyn himayəsindən məhrum olmuş uşaqların iştirakına xüsusi yer verilmişdir. Forumda Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubu oxunmuşdur. Forumda Sumqayıt, Bərdə, Lənkəran, Xaçmaz, Zaqatala ilə canlı bağlantı yaradılmışdır. Tədbirdə uşaqların iştirakı ilə konsert proqramı təşkil edilmişdir. Forumda "Bütün uşaqlar üçün bərabər hüquqlar", "Yeni təhsil standartları", "Asudə vaxtımızı səmərəli keçirək", "Ətraf mühiti qoruyaq", "Qarabağ həqiqətləri uşaqların dili ilə", "Vətəni sevək və ona layiq olaq", "Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin məsuliyyəti" mövzuları ətrafında müzakirələr aparılmışdır. Forum çərçivəsində uşaqlardan ibarət Əlaqələndirmə Şurası yaradılmış, bəyannamə qəbul olunmuşdur.
17 noyabr 2014-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Uşaqlarının III Forumu keçirilmişdir. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından olan 315 uşaq, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud olan, digər millətlərdən olan, xüsusi istedadı olan, valideyin himayəsindən məhrum olmuş uşaqlar nümayəndə qismində iştirak etmişdir. Forum zamanı iştirakçılar “Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu” adlı xatirə lövhəsinə ürək sözlərini yazmış, təkliflər qutusuna öz təkliflərini atmışdır. Həmçinin Forumun açılışı və bağlanış mərasimi uşaqlardan ibarət bədii kompozisiya ilə müşayiət olunmuş, bütün tədbirin gedişi, hökumət rəsmilərinin və həmçinin, vətəndaşların Forum barədə fikirləri, işçi qrupların müzakirələri səhnədə quraşdırılmış monitorlar vasitəsilə Forum iştirakçılarının diqqətinə çatdırılmışdır. Forumun yekununda Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul edilmişdir.
Forumlarda əldə olunmuş nailiyyətlərin davamlılığının təmin edilməsi məqsədi ilə 2017-ci ilin noyabr ayında Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçiriləcəkdir.