IV ÜMUMRESPUBLİKA UŞAQ FORUMU
Uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları hər üç ildən bir keçirilir. Forumların əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, onu bütünlüklə uşaqlar aparır. Uşaqlar hökumət nümayəndələrinə öz təkliflərini verir, eyni zamanda fikir mübadiləsi apara bilirlər.
İntellektual səviyyəsi yüksək olan; beynəlxalq bilik yarışlarının qalibləri; fənn olimpiyadaların qalibləri; olimpiya oyunlarında medal qazananlar; ünsiyyət qurmağı bacaran; məktəbin ictimai həyatında fəal iştirak edən; təhsildə davamiyyəti yüksək olan; ali məktəblərə yüksək balla daxil olan; xüsusi bacarıqları ilə seçilən; fikirlərini sərbəst ifadə edə bilən; Prezident təqaüdçüləri olan 6-18 yaşarası uşaqlar Forumda iştirak etmək imkanı əldə edirlər.
2009-cu il 16-19 dekabr tarixlərində Azərbaycanda ilk dəfə Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu və 2011-ci il noyabrın 16-da Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu, 2014-cü ilin noyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-in birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilib.
Forumlarda Respublika tabeli şəhərlərdən, rayonlardan, Bakı şəhərinin rayonlarından, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından uşaqlar; Milli azlıqları, sağlamlıq imkanları məhdud olan uşaqları, valideyn himayəsindən məhrum olan uşaqları, məcburi köçkün və qaçqın uşaqları təmsil edən nümayəndələr iştirak edirlər.
Forumlarda əldə olunmuş nailiyyətlərin davamlılığının təmin edilməsi məqsədi ilə 2017-ci ilin noyabr ayında Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçiriləcəkdir. Aşağıdakı bölmələrə daxil olaraq, keçirilən Forumların tarixi və IV Forum çərçivəsində davam edən hazırlıq işləri haqqında məlumatları əldə edə bilərsiniz.
Sual və təklifləriniz olacağı təqdirdə, “Online müraciət” bölməsinə yaxud informasiya.aqupdk@scfwca.gov.az elektron ünvanına yaza bilərsiniz.