“Dayaq” Mentorluq Proqramının Açılış Konfransı keçirildi

22 fevral 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə 2012-ci ildən başlayaraq qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə “Dayaq” Mentorluq proqramını həyata keçirir. 22 fevral 2018-ci il tarixində saat Şəmkir rayonunda yerləşən Excelsior Otelin konfrans zalında Şəmkir, Tovuz, Daşkəsən və Gədəbəy rayonlarından olan bələdiyyə sədri və üzvü olan qadınların iştirakı ilə layihənin açılış konfransı keçirilib.

Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Əliyev açılış nitqi ilə çıxış edərək Şəmkir rayonunda qadınlar üçün yaradılan imkanlar və qadınların fəaliyyətləri çərçivəsində əldə etdiyi uğurlar haqqında məlumat verib. O diqqətə çatdırıb ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, qadınların bütün sahələrdə irəli çəkilməsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində digər rayonlarda olduğu kimi Şəmkirdə də mühüm tədbirlər həyata keçirilir, qadınlar böyük işlərə cəlb edilir: “Son illər bütün respublikada qadınların aktiv fəaliyyətə cəlb edilməsi məqsədilə mühüm sahibkarlıq obyektlər tikilir, qadınlar işlə təmin edilirlər. Misal kimi ötən il Şəmkir rayonunda açılışı olan xalçaçılıq fabrikini qeyd etmək istərdim. 150 qadının bura cəlb edilməsi nəzərdə tutulmuş, hazırda fabrikdə 80 qadın işlə təmin edilmişdir. Eyni zamanda AqroParkın açılışı baş tutmuşdur ki, burda da işçilərin 80-85 %-ni qadınlar təşkil edir”. O qeyd edib ki, Şəmkir kənd təsərrüfatının inkişaf etdiyi ən inkişaf etdiyi rayonlardandır. Sonda qeyd etmək istərdik ki, Şəmkirin həyatında qadınlar çox mühüm rol oynayırlar və daim irəlidədirlər.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək GİZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb və qeyd edib ki, bu çərçivədə 2012-ci ildən böyük layihələr icra edilir ki, bunlardan da ən mühümü elə “Dayaq” Mentorluq Proqramıdır. O bildirib ki, əvvəllər qadınların bələdiyyə orqanlarda iştirakçılığı aşağı idi, lakin biz bu gün müşahidə edirik ki, artıq bu göstərici 35 %-ə kimi qalxmışdır. Bu, dövlət qadın siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadınların hər bir sahəyə fəal cəlb olunması, irəli çəkilməsi, iştirakçılığının artırılması istiqamətində böyük işlər görülür. “Ən mühüm məqsədlərdən biri də odur ki, qadınlar iştirak etdiyi layihələrdən həqiqətən bəhrələnə bilsinlər və əldə etdikləri məlumatları digər qadınlarla da bölüşərək onlarında bu cür aktivliyə cəlb olunmasında mühüm rol oynasınlar”. S. Qəhrəmanova bu il qadınlara seçki hüququ verilməsinin 100 ilinin tamam olması və ölkə səviyyəsində böyük tədbirlərin həyata keçirilməsini qeyd edib: “100 il əvvəl Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçki hüququnun verilməsi qadınlara verilən yüksək dəyərin mühüm göstəricidir. Və əgər qadınlara qarşı zorakılıq edilirsə, qızlar erkən yaşda nikaha məcbur edilirsə, deməli 100 əvvəl qadınlara göstərilən etimada xəyanət edilir. Bundan əlavə, Cümhuriyyət dövründən əvvəl də maarifçi qadınlarımız fəaliyyət göstərmişdir. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyev qızların təhsil alması məqsədilə məktəbin tikilməsi üçün təşəbbüs göstərmişdir və maarifçilik fəaliyyəti ilə məşğul olan qadınlarımız cəlb olunmuşdur. Mən istərdim ki, biz uzaq keçmişə nəzər salaq, qadınların fəaliyyətini izləyək”. Komitə sədrinin müavini regionlarda həyata keçirilən “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsi haqqında informasiyanı diqqətə çatdırıb və Qadın Resurs Mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib.

GİZ Cənubi Qafqazda Yaxşı Yerli Özünü İdarəetmə Proqramı üzrə qrup rəhbəri Gerald Duda Azərbaycan ilə olan əməkdaşlıqdan məmnunluğunu ifadə edib və həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, qeyd edib ki, təşkilatımızın ən mühüm əməkdaşlarından biri də hazırda olduğumuz Azərbaycandır. Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində qadınların iştirakçılığının artırılması, onların cəmiyyətdə mühüm yer tutmasına xüsusi önəm verilir və biz bunu yüksək qiymətləndiririk.

Berlin EAP ( Qadınlar Biznesdə və Siyasətdə Avropa Akademiyası) təşkilatının direktoru Manuela Möller “Qadınların 100 illik seçki hüququ – sonu olmayan hekayə?” mövzusunda çıxış edib. O, Almaniyada qadınların seçki hüququ əldə etmək üçün apardığı mübarizələri və əldə etdikləri uğurları diqqətə çatdırıb. Qeyd edilib ki, 19-cu əsrin ortaları-1917-ci illər seçki hüququ hərəkatının başlanğıcı kimi tarixə düşmüşdür.

1911-ci il 8 mart tarixinin Beynəlxalq Qadınlar Günü qadınların seçki gününə çevrilmişdir. Bildirilib ki, 1918-ci ildə qadınlar seçki hüququ əldə etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Qadınların siyasi iştirakını artırmaq üçün mexanizmlər (Azərbaycan perspektivi)” mövzusunda çıxış edib. E. Səfərov qadın və uşaq hüquqlarının həyata keçirilməsi istiqamətində aparılan dövlət siyasəti haqqında məlumat verib. O, eyni zamanda bu istiqamətlərdə beynəlxalq təcrübəni diqqətə çatdırıb. E. Səfərov bu gün müzakirə olunan problemlərdən biri kimi məişət zorakılığı ilə mübarizə sahəsində əldə olunan müsbət göstəriciləri diqqətə çatdırıb və qeyd edib ki, Dövlət Komitəsi tərəfindən məişət zorakılığı elektron məlumat bankı fəaliyyət göstərir və bir çox qurumların məsul şəxsləri artıq bankın fəaliyyətinə cəlb edilib və bölgələrdə bu barədə təlimlər həyata keçirilir. Bildirib ki, Azərbaycan respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkənin ictimai-siyasi həyatında mühüm işlərin görülməsi, öz timsalında Azərbaycan qadınının potensialını təcəssüm etdirməsi Azərbaycan qadınının dünya miqyasında möqveyini daha da möhkəmləndirir.

GİZ proqramının nümayəndəsi Fidan Qasımova “Yerli səviyyədə qadınların səlahiyyətləndirilməsi mövzusunda çıxış edərək, “Dayaq” Mentorluq Proqramının fəaliyyəti, məqsəd və vəzifələri haqqında ətraflı məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanca “dayaq” dəstək, arxa, kömək mənalarını verən çoxşaxəli anlaşdır. “Dayaq” sözü mentorluğun başlıca ünsürünü-fərqli təcrübəyə malik olan qadınlar arasında öyrənmə və inkişaf əsaslı dəstəkləyici münasibətlərin qurulmasını gözəl ifadə edir. Və proqram dörd sütun əsasında qurulmuşdur ki, bunlar da mentor-stajor münasibəti, təlimlər və şəbəkələndirmədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Tural Hüseynzadə “Məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər” mövzusunda çıxış edərək, məişət zorakılığı hallarının baş vermə səbəbləri və onun qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O qeyd edib ki, bu problemin qarşısının alınması istiqamətində regionlarda monitorinq qrupları fəaliyyət göstərir və problemin həlli istiqamətində mütəmadi olaraq müzakirələr aparılır.

Daha sonra Şəmkir rayon icra Hakimiyyətinin nümayəndəsi Turanə Məmmədova çıxış edərək qadınların bütün sahələrdə aktiv fəaliyyət göstərmələri, idarəçilikdə iştiraklarının artırılması istiqamətində fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

“E-box” şirkətinin direktoru Şamo Salayev “Biznesin qurulmasında ideyaların realizasiyası” mövzusunda çıxış edərək, qadınların biznes layihələrinə cəlb olunması, öz bizneslərini qurulması istiqamətində diqqətə edilməli olan məqamları diqqətə çatdırıb.

Daha sonra tədbir iştirakçıları mövzu ətrafında öz fikirlərini diqqətə çatdırıblar.

Konfrans “Qadınlar arasında həmrəylik” Təşkilatını sədri Rühəngiz Hüseynova və Manuela Möllerin təlimi ilə davam edib.