Gəncədə “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda beynəlxalq konfrans keçirilir

2 mart 2018

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, həmçinin nüfuzlu alimlər, tədqiqatçılar və ölkə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. Dövlətimizin başçısının bu qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir.

Elmar Vəliyev qeyd edib ki, qədim tarixə malik Gəncə zəngin elm-təhsil, mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də türk-müsəlman Şərqində birinci parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olub. Milli Şuranın, hökumətin ilk iclasları bu şəhərdə keçirilib, mühüm qanunlar qəbul edilib, taleyüklü qərarlar verilib. Onlardan biri də Azərbaycan Milli Ordusunun təşkilinə başlanması idi. Nəhayət, ilk alay formalaşdırıldı, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını bolşevik-daşnak işğalından azad etdi. Beləliklə, Gəncədə güc-qüvvə toplayan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçə bildi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dövlətimizin başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb.

Komitə sədri vurğulayıb ki, müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiqləyib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Görülmüş işlər fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını saxlayır. Bu gün qadınların göstərdiyi fəallıq bir tərəfdən çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən dövlətin qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Müasir qadın hərəkatının yeni prioriteti qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır.

Hicran Hüseynova Azərbaycan tarixində ictimai-siyasi, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə seçilən, xalqın milli mənlik şüurunun formalaşmasında böyük rol oynayan ictimai fəal qadınlardan söhbət açıb və onların yaradıcılıqlarının ayrı-ayrı sahələrinə toxunub. Vurğulanıb ki, Azərbaycan xalqının liderləri ölkənin ictimai-siyasi həyatında qadınların rolunu düzgün qiymətləndirib. Bunun nəticəsi olaraq, Xalq Cümhuriyyətinin qurucuları müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsinə nail olublar. Halbuki həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı. Təsadüfi deyildi ki, 1918-1920-ci illərdə Azərbaycanda işləyən qadınların sayı artaraq kişilərlə bərabərləşmişdi. Həmin dövrdə qadınlar yalnız kənd təsərrüfatında, fabrik və zavodlarda deyil, həm də parlament və hökumət aparatında mühüm vəzifələrdə işləyirdilər.

Komitə sədri qeyd edib ki, müasir dövrdə ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün mühüm işlər görüb. Sonrakı illərdə isə bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.

Prezident Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə “Azərbaycan XX əsrin əvvəllərində: milli oyanış” hərəkatı mövzusundakı məruzəsində bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə başladığımız bir vaxtda Cümhuriyyətə doğru aparan yolların nəzərdən keçirilməsi çox vacibdir. Çünki xalqımız məhz həmin yolu keçərək öz müstəqil dövlətini qurmuşdu və bu böyük hadisə Azərbaycan xalqının XX əsrin əvvəllərində azadlıq və müstəqillik uğrunda ardıcıl və inamlı mübarizəsinin qanunauyğun yekunu kimi qəbul edilməlidir.

Ötən əsrin ilk illərindən başlayaraq çar Rusiyasının ucqarlarda, xüsusən Azərbaycandakı milli müstəmləkəçilik siyasətini tarixi faktlar əsasında geniş şərh edən Dilarə Seyidzadə qeyd edib ki, 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsindən sonra başqa xalqlar kimi, Azərbaycan xalqının da qarşısında sosial-iqtisadi, siyasi və milli inkişaf üçün geniş imkanlar açılmışdı. Dövlət Dumasının Azərbaycandan olan deputatları Rusiyada parlamentarizmin təşəkkülündə və inkişafında iştirak edərək, parlament fəaliyyəti sahəsində böyük təcrübə qazanmışdılar. Bu təcrübə onlara bütün səylərini birləşdirərək qısa müddətdə müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan verdi.

Prezidentin köməkçisi, həmçinin Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, eləcə də həmin illərdə Difai, Müsavat partiyaları, Cümhuriyyətin qurucularının siyasi fəaliyyəti, o cümlədən Dövlət Dumasında, dövri mətbuatda cəsarətli çıxışları və Azərbaycanın istiqlaliyyəti uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat verib.

“Azərbaycan nümayəndələri Dövlət Dumasında dəfələrlə çıxış edərək əhaliyə bərabər hüquqlar verilməsini, seçkilərdə bütün əhalinin iştirak hüququnun tanınmasını tələb edirdilər. Onlar hələ 1907-ci ilin mayında II Dövlət Dumasında müsəlman fraksiyasının üzvləri ilə birlikdə təqdim etdikləri qanun layihəsində insanların siyasi və vətəndaşlıq hüquqlarında dini və milli mənsubiyyətlə bağlı məhdudiyyətin ləğvini tələb etmişdilər. Layihədə qadınların hüquq bərabərliyi haqqında da məsələ qaldırılmışdı. Bu, Azərbaycan qadınının hüquq bərabərliyi, onun seçki hüququnun təmin edilməsi istiqamətində ilk və inqilabi addım idi.

Həmin dövrdə yaranmış siyasi partiyaların və təşkilatların vahid bir məqsədi var idi – bütün milli qüvvələri birləşdirmək, millətin mənafelərini müdafiə etmək, bərabərliyə, hüquq qaydasına və qanunçuluğa nail olmaq. Sosial cəhətdən kifayət qədər rəngarəng olan, öz sıralarında əhalinin demək olar ki, bütün təbəqələrini birləşdirən bu təşkilatlar bütövlükdə Azərbaycan cəmiyyətinin maraqlarını ifadə etməyə çalışırdılar. Petisiyaların və ərizələrin müddəaları, partiya və təşkilatların proqramları, mətbuat orqanları uzun illər tam hüquqsuzluq şəraitində yaşamış Azərbaycan xalqının ümid və arzularını özündə əks etdirirdi.”, - deyə Dilarə Seyidzadə vurğulayıb.

Azadlıq hərəkatının böyük yüksəliş və milli oyanış dövrünün Azərbaycan xalqına istedadlı, yüksək peşəkar ictimai-siyasi xadimlərin parlaq bir nəslini bəxş etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk demokratik respublikanın qurulmasında onların böyük xidmətlərini yüksək qiymətləndirdiyini xatırladaraq Ulu Öndərin bu sözlərini sitat gətirib: “Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.

“Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncamında da xüsusi qeyd edilir ki, Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. XIX əsrin axırları – XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb”, - deyən Dilarə Seyidzadə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasına görə dövlətimizin başçısına konfrans iştirakçıları adından təşəkkürünü bildirib.

Sonra Ombudsman Elmira Süleymanova konfransda “Seçki hüququ-fundamental insan hüququdur” mövzusunda çıxış edib. O, diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının İstiqlaliyyət bəyannaməsi, daha sonra isə parlamentdə qəbul etdikləri qanunlar yüksək demokratikliyi ilə seçilməklə yanaşı, həm də onların insan, vətəndaş hüquq və azadlıqlarına verdikləri dəyərin göstəricisi idi. Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi Azərbaycan parlamentində mövcud olan siyasi mədəniyyətin və demokratik mühitin əyani sübutudur.

Daha sonra İstanbul və Yedditəpə universitetlərinin professoru İbrahim Yıldırımın Türkiyəyə mühacirət etmiş azərbaycanlı qadınlar barədə məruzəsi dinlənilib. Türkiyəli professor çıxışında Azərbaycanın bolşevik işğalından sonra mühacirət etmək məcburiyyətində qalan və taleyini qardaş ölkəyə bağlayan bir sıra ziyalı qadınların nəsil şəcərəsini araşdırdığını və bu sahədəki elmi tədqiqatlarının nəticələrini diqqətə çatdırıb.

Konfransda BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Lətifə Əliyevanın, AMEA-nın Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri İradə Bağırovanın, həmin institutun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi Kamran İsmayılovun, Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri İlqar Niftəliyevin, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Samirə Qasımovanın mövzu ilə bağlı məruzələri də dinlənilib.

Beynəlxalq elmi-praktik konfransda “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar” adlı film nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərən qadınlar, həmçinin Gəncə, Yevlax, Mingəçevir şəhərlərinin, Ağdam, Bərdə, Tərtər, Samux, Göygöl, Şəmkir və Kəlbəcər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinə diplomlar təqdim olunub.