“Cümhuriyyətə işıq saçan qadınlar” araşdırma-yazı müsabiqəsinin mükafatlandırma tədbiri keçirildi

7 may 2018

Paylaş:

7 may 2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Cümhuriyyətə işıq saçan qadınlar” araşdırma-yazı müsabiqəsinin mükafatlandırma tədbiri keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş müsabiqənin təşkilatçıları Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə çıxan “İşıq-qadın” jurnalı olub.

Tədbir iştirakçıları Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı qısa filmin nümayişi ilə başlayıb.

Sonra tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Ümumilli Lider  Heydər Əliyevin əsasını qoyduğu, cənab Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir: “Bunun bariz nümünəsi olaraq, ölkə başçısı İlham Əliyevin  2018-ci ilin “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi Fərmanını göstərmək olar. Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması ilə yanaşı, qadınlara seçmək və seçilmək hüququnun verilməsinin də 100 illiyi qeyd edilir. Bu il həm də Ulu Öndərimiz Heydər Əliyevin 95 illik yubleyidir. Hər iki tarixi günlə bağlı  yubileylər nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində keçirilir. Hər bir azərbaycanlı bu günlərdə Ümummilli Lideri hörmətlə və qürur hissi ilə yad edir.”

Komitə sədri qeyd edib ki, Azərbaycan qadını çətin  və şərəfli inkişaf yolu keçmişdir, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər iştirak etmişlər. Hələ 1918-ci ildə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Azərbaycan müsəlman Şərqində bu hüququ verən ilk ölkədir. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmaqla başlasa da, hazırda  ictimai, sosial, siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Onlar bütün tarixi dövrlərdə fəallıq göstərərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Bu tarixi hadisəyə hörmətlə yanaşaraq, Ulu Öndər Heydər Əliyev qadın problemini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Ailədə və cəmiyyətdə xüsusi yeri olan qadınların hüquqlarının müdafiə olunmasını Heydər Əliyev  zəruri hesab edirdi.

Hicran Hüseynova bildirib ki, Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulmuşdu. Qanunvericilik bazası təkmilləşdirilərək bir sıra qanunlar qəbul olundu. Komitə sədri Ulu Öndərin qadınların hüquqlarının müdafiəsi ilə bağlı imzaladığı fərman və sərəncamları diqqətə çatdırıb.

“Bu gün müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik, məhkəmə sistemində, hüquq-mühafizə orqanlarında və IKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev demişdir: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil Respublikamızın tərəqqisinə böyük töhfələr verəcəklər”.  Bəli, həqiqətən bu gün Azərbaycan qadını -  ənənələri, intellekti və sosial aktivliyi özündə cəmləşdirir.”

Komitə sədri qeyd edib ki, Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması və Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları,  nikaha  daxil  olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyətin  müəyyən edilməsi  də  fikirlərimizi bir daha təsdiq edir: “Qeyd etmək istərdim ki, bu Qanunların qəbuluna və Məcəlləyə dəyişikliklərin edilməsinə respublikanın Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyeva xüsusi dəstək vermişdir. Mehriban xanım Azərbaycan qadın hərəkatının lideri kimi, dövlətimizin tərəqqisi naminə  geniş  fəaliyyət göstərir.”

“Bu gün Azərbaycan qüdrətli, öz taleyinin sahibi olan bir dövlətdir”, - deyən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində belə bir tədbirin keçirilməsi təqdirəlayiq haldır. Müsabiqədə yer alan yazıların cəmləşdiyi toplu qadın problemləri ilə məşğul olan hər kəsin stolüstü kitabına və dəyərli mənbəyə çevriləcək. “Bu layihə vasitəsilə Azərbaycan gəncliyinə həm də bir yol göstərmiş oluruq”, - deyə o vurğulayıb. Bahar Muradova deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti XX əsrdə Azərbaycan xalqının həyatında tarixi mərhələ olub, xalqımızın müstəqilliyinin və suverenliyinin, parlaq gələcəyinin bünövrəsini qoyub.

Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa zaman kəsiyində dövlətçilik ənənələrinin formalaşdırılması və mütərəqqi idarəçilik institutlarının təsis edilməsi baxımından yüksək nəticələr əldə etməyə nail olub. Bu gün xalqın tarixi keçmişinin ondan gizlədilən səhifələrini yenidən oxumaq, onun ən yaxşı oğullarının və onların xanımlarının nəcib təşəbbüslərini, fəaliyyətlərini müasirlərimizin nəzərinə çatdırmaq hər bir tarixçinin, tədqiqatçının və hər bir vətəndaşın birinci dərəcəli vəzifəsidir.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən müsabiqənin qaliblərini təbrik edib. Qeyd edib ki, Ulu Öndər qadınlarla bağlı dövlət siyasətinə xüsusi önəm verir, bunu prioritet vəzifələrindən biri hesab edirdi: “Heydər Əliyev bizim üçün ailəyə, qadına hörmət nümunəsi idi, o, Azərbaycan qadınlarının çox sevirdi və onların fəaliyyətlərini hər zaman yüksək qiymətləndirirdi”.

Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi Heydər Əliyevin çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrildiyini vurğulayıb. O bildirib ki, 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olub və qadınlara səsvermə hüququ verən ilk respublika da məhz bu dövlət olub. “Cümhuriyyətçi qadınlar bizim qürur yerimizdir. Onlar o zaman hər əzab-əziyyətə dözərək dövlətçilik ənənələrinə sadiq qalıblar”, - deyən Sona Vəliyeva ulu öndər Heydər Əliyevin və bu gün onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də hər zaman qadınların fəaliyyətini dəstəklədiklərini vurğulayıb.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı müsabiqə iştirakçılarının belə bir layihədə iştirak etmələrinin əhəmiyyətini vurğulayıb, qalibləri təbrik edib. O, Cümhuriyyət dövründə yaşayan, yaradan qadınları hər bir gəncin tanımasının və onların irsi haqqında məlumatlı olmalarının vacibliyini vurğulayıb.

Sonra Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulayıblar. Müsabiqə yazılarının toplandığı nəşr mədəni-maarif xəzinəsi, tarixi mənbə adlandırılıb. Çıxışçılar sonda müsabiqə qaliblərini təbrik ediblər.

Qeyd edək ki, Cümhuriyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını əsas alaraq təşkil edilən bu müsabiqə Cümhuriyyətin quruluşunda rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, eyni zamanda hələ də araşdırılmamış arxiv materialları əsasında onları tanıtmaq məqsədi daşıyırdı. Ümumilikdə müsabiqəyə 98 nəfər qatılmışdı ki, bunlardan 50 balı keçən 67 yazı toplu şəkildə nəşr olunmuşdu və həmin kitab da tədbirdə iştirak edən qonaqlara hədiyyə olunub.  

Müsabiqəyə təqdim edilən yazılar tanınmış ziyalılardan ibarət münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndirilmiş, ümumi ballar nəticəsində qaliblər müəyyən edilmişdi. Tədbirdə münsiflər heyətinə və qaliblərə diplom və mükafatlar təqdim olunub.

“Cümhuriyyətə işıq saçan qadınlar” müsabiqəsinin qalibi jurnalist, tarix elmləri doktoru Sabir Gəncəli olub.