Qubada “Ailə bayramı” keçirilib

24 may 2018

Paylaş:

23 may 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Quba rayonunun Quba Olimpiya İdman Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş regionlarda sayca 9-cu “Ailə bayramı” keçirilib.

Bayramda ölkəmizin bütün şəhər və rayonlarından ailələr iştirak edib. Tədbirin iştirakçıları əvvəlcə müxtəlif mövzuları əks etdirən stendlərlə tanış olublar. Burada ailələr iştirak etdikləri nominasiyalar üzrə təqdimatlarını nümayiş etdiriblər.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək, bütün Azərbaycan ailələrini bayram münasibətilə təbrik edib və ölkəmizin müxtəlif bölgələrindən gələn ailələrin bayramı bir arada qeyd etməsini əlamətdar hadisə kimi dəyərləndirib. Bildirilib ki, ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışda deyib ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir. O bildirib ki, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu ailə siyasəti, ailə məsələləri ilə bağlı ailələrin rifahının yaxşılaşdırılması istiqamətində imzaladığı dövlət proqramları, fərman və sərəncamlar Azərbaycan ailələrinin formalaşmasına və inkişafına yönəlmişdir. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən uğurlu siyasətdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən çoxşaxəli proqramlar, xüsusilə, qaçqın və məcburi köçkün, aztəminatlı ailələr, həmçinin, sağlamlıq imkanları məhdud qadın və uşaqlara yönəlmiş layihələr bunun əyani sübutudur.

Hicran Hüseynova bildirib ki, ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilir. Komitə tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi iş aparılır. Komitə sədri bildirib ki, builki  “Ailə bayramı” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu il həm də 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyi qeyd olunur.

Qeyd edilib ki, bu istiqamətdə reallaşdırılan tədbirlərin bir hissəsi kimi 2008-ci ildən etibarən Dövlət Komitəsi tərəfindən 15 may Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər və yekun olaraq “Ailə bayramı” keçirilir. Bundan əvvəlki illərdə “Ailə bayramı” Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki, Abşeron və Şəmkir rayonlarında qeyd olunub.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev qeyd edib ki, ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət-ailə siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşın maraqlarının və hüquqlarının maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə Azərbaycan ailəsinin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

Bayram tədbirində UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanda ailələrin xoşbəxt, firavan yaşaması üçün onlara yaradılmış şəraiti, dövlət qayğısını təqdir edib. Bildirib ki, Azərbaycanda ailə siyasəti uğurla həyata keçirilir. Edvard Karvardin diqqətə çatdırıb ki, BMT Baş Assambleyası beynəlxalq ictimaiyyətin diqqətini ailə institutuna cəlb etmək, bu müqəddəs birliyin qorunub saxlanılmasının vacibliyini önə çəkmək məqsədilə 1993-cü ildə 15 may tarixinin Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar qəbul edib. 1994-cü ildən bu tarix bütün dünyada geniş şəkildə bayram edilir, hər bir ölkədə ailə institutunun inkişafı və problemlərinin həlli məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Çıxışlardan sonra “Bacarıqlı əllər”, “Milli mətbəx”, “Yaradıcı ailə”, “Nümunəvi ailə”, “İntellektual oyun”, “İdman yarışı” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, "Ailə Bayramı" çərçivəsində "Ailədən- ailəyə" layihəsi də həyata keçirilir. Layihənin məğzi ondan ibarətdir ki, digər rayonlardan gələn qonaqlar bayramın keçirildiyi rayondakı ailələrin evlərində qalırlar. Məqsəd ondan ibarətdir ki, digər rayonların təmsilçiləri lan ailələr evlərində qaldıqları ailələrin adət-ənənələrini, mətbəxini, dəyərlərini mənimsəyib götürsünlər, nəticədə, təcrübvə mübadiləsi aparılsın.

Tədbir bayram konserti ilə davam etdirilib.