Qax rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qurupunun üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir

28 may 2018

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin  2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.5.2.1.-ci bəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə edilmişdir.

Bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qurupları yaradılmışdır.

Qruplarda “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr, 537 nömrəli Fərmanında göstərilən səlahiyyətli dövlət orqanları təmsil olunurlar.

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin  effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.

 Tədbir 17 may 2018-cı il tarixdə Qax rayon Heydər Əliyev Mərkəzində Qax rayon İcra Hakimiyyətinin Monitorinq qurupunun üzvlərinin iştirakı ilə keçirilmişdir.

Tədbiri monitorinq qurupunun sədri Vəfa Heydərova giriş sözü ilə açaraq Qax rayon İcra Hakmiyyətinə məişət zorakılığı ilə bağlı daxil olmuş müraciətlər və görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Qax rayonunda erkən nikah və təhsildən yayınma hallarının olmadığını bildirən V.Heydərova 60-dan çox risk qurupuna daxil olan ailələrin profilaktiki qeydiyyata alındığını, qısamüddətli mühafizə orderinin verilməməsinə baxmayaraq həmin ailələrlə mütəmadi iş aparıldığını bildirmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Ceyran Rəhmətullayeva ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat vermişdir. Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova Məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı çıxış etmişdir.

Monitorinq qurupunun üzvləri bu məsələlərlə bağlı geniş müzakirələr apararaq gələcəkə bu sahədə daha səmərəli fəaliyyət göstərəcəklərini qeyd etdilər.