Qadınların V Forumunun QƏTNAMƏSİ

31 may 2018

Paylaş:

Azərbaycan Respublikası Qadınların V Forumunun hesabat məruzəsini, məruzə ətrafındakı çıxışlarda səslənmiş fikir, təklif və tövsiyələri nəzərə alaraq;

Qadınların cəmiyyətin inkişafında və vətəndaş cəmiyyəti quruculuğunda verdiyi töhfələri, ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında rolunun artdığını vurğulayaraq;

Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn vəzifələrin əhəmiyyətini nəzərə alaraq;

Gender bərabərliyinin təşviq edilməsi və qadın hüquqlarının inkişafı və təmin edilməsi sahəsində əsas istiqamətləri müəyyən edən BMT-nin 1995-ci ildə qəbul olunmuş Pekin Bəyannaməsini və Fəaliyyət Platformasını, 2016-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini qeyd edərək;

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq;

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında  davamlı inkişafın strateji hədəflərindən biri kimi müəyyən edilmiş Gender bərabərliyinin təmin olunması və ailənin inkişafı üzrə həyata keçiriləcək tədbirləri nəzərə alaraq;

Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında  Sərəncamına əsaslanaraq;

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may, 2867 nömrəli Sərəncamını rəhbər tutaraq qərara alır:

  1. Azərbaycan Respublikasında qadın hüquqları və gender bərabərliyi istiqamətində həyata keçirilən dövlət  siyasəti dəstəklənsin, Azərbaycan qadınlarının ictimai-siyasi sahədə artan fəallığı, xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirməsi, vətəndaş cəmiyyəti quruculuğunda öz intellektual potensiallarını əsirgəməməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslin vətəndaşlıq və vətənpərvərlik istiqamətlərində yetişdirilməsi sahələrindəki xidmətləri yüksək qiymətləndirilsin. Azərbaycan qadınlarının ictimai-siyasi fəallığının yüksəldilməsi məqsədilə hakimiyyətin bütün qollarında - qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında qadınların təmsilçiliyinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilsin. 2018-ci ildə Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd edildiyini nəzərə alaraq, Azərbaycan qadınlarının ictimai-siyasi fəallığının daha da yüksəldilməsi məqsədilə hakimiyyətin bütün qollarında – qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında qadınların təmsilçiliyinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən  tədbirlər davam etdirilsin;
  2. 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd edildiyini nəzərə alaraq, son illər keçirilən seçkilərdə demokratik şəraitdə, azad  şəffaf  və sərbəst şəkildə öz seçimini edən Azərbaycan qadınlarının siyasi fəallığının artdığı  xüsusi olaraq təqdirəlayiq hesab edilsin;
  3. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Starteji Yol Xəritəsində qadın sahibkarların iqtisadi fəaliyyətinin daha da genişləndirilməsindən  irəli gələn tapşırıqlara əsasən ölkədə qadınların özəl biznes və aqrar təsərrüfatlarını yaradılması üçün həyata keçirilən tədbirlərə göstərilən dəstək davam etdirilsin, bu sahədə monitorinq və qiymətləndirmə mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin tətbiqi təmin edilsin; qadın fermerlər təsərrüfatlarının inkişafına yönləndirilmiş pilot layihələr həyata keçirilsin;
  4. Azərbaycan qadınlarının ölkənin sosial-iqtisadi, mədəni və mənəvi həyatında iştirakının daha da fəallaşdırılmasına, onların təşəbbüskarlığının dəstəklənməsinə yönəlmiş ardıcıl tədbirlərin həyata keçirilməsi istiqamətində dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətinin məqsədəuyğunluğu vurğulansın;
  5. Ekoloji risklərin qarşısının alınmasında və ekoloji dayanıqlığa nail olunmasında qadınların mühüm rola malik olmasına baxmayaraq, ətraf mühitlə bağlı siyasətdə qadınların iştirakı və bununla bağlı həyata keçirilən tədbirlərin onlara təsirinin az öyrənildiyini nəzərə alaraq, ölkədə bu sahədə xüsusi araşdırmaların aparılması dəstəklənsin və ətraf mühitlə bağlı siyasətin həyata keçirilməsində qadınların iştirak imkanları genişləndirilsin;
  6. Kənd qadınlarını sosial-iqtisadi cəhətdən gücləndirməklə ərzaq təhlükəsizliyinin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinin mümkün olduğunu, yoxsulluğun səviyyəsinin azaldılmasına təsir etdiyini nəzərə alaraq, ölkədə  onların istehsal və texnoloji resurslara, təhsil və xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, regionlarda qərar qəbuletmə səviyyəsində qadınların təmsilçiliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər dəstəklənsin;
  7. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində sürətli inkişafı nəzərə alaraq, gənc qızlar və qadınlar arasında informasiya-kommunikasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsinin və biliklərə əlçatanlığın yüksəldilməsi, bu sahəyə peşəkar marağın təşviq edilməsi, biznes sektorunda çalışan İKT şirkətləri və bu sahədə təhsil verən ali məktəblərlə qadınlar üçün akademik və karyera imkanlarının təqdim edilməsi üçün dialoqların aparılması istiqamətində tədbirlər həyata keçirilsin;
  8. Media sektorunun ictimai fikrin formalaşdırılmasında güclü təsirə malik olduğunu nəzərə alaraq, mənfi gender stereotiplərinin aradan qaldırılmasında, qadın hüquqlarının təşviqində, gender əsaslı zorakılıqla mübarizədə medianın rolu artırılsın, media sahəsində qərarvermə səviyyəsində qadınların təmsilçiliyinin artırılması təşviq edilsin; bu sahədə beynəlxalq təcrübə öyrənilsin və əməkdaşlıq genişləndirilsin;
  9. Dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən ailə, qadın və uşaq problemlərinin vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin həyata keçirilməsi üçün sosial şəbəkələrin gündəlik monitorinqi aparılsın; sosial mediadan yeni imkanlar kontekstində istifadə edilməsi, günün texnoloji tələblərinə, trendlərinə cavab verən lakonik informasiya ehtiyatları yaradılsın;
  10. Azərbaycan Respublikası qadınlarını təmsil edən dövlət və ictimai təşkilatların Forumlararası dövrdə beynəlxalq əlaqələrin genişləndirilməsi yolunda həyata keçirilən səyləri müsbət qiymətləndirilsin və bu təcrübə davam etdirilsin; beynəlxalq qurumların əməkdaşlıq şəbəkələrində təmsilçiliyi artırmaqla bərabərlik, inkişaf və sülh sahəsinə töhfələr verilsin;
  11. Beynəlxalq səviyyədə Azərbaycan haqqında obyektiv məlumatların çatdırılması, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən ən çox qadın və uşaqların əziyyət çəkdiyini nəzərə alaraq, münaqişə haqqında həqiqətlərin açıqlanması üçün Azərbaycan qadın təşkilatlarının xarici ölkələrdəki analoji qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsinə, Azərbaycan diasporuna mənsub qadınlarla əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş fəaliyyət genişləndirilsin və onun əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin olunsun;   
  12. Qadınların mədəniyyətlər və dinlərarası dialoqun inkişafında oynadığı rolu, bununla da dünyada sülhün, əmin-amanlığın və əməkdaşlığın genişlənməsinə verdiyi əvəzsiz töhfəni nəzərə alaraq, bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlərə göstərilən dəstək davam etdirilsin;
  13. Forumda müəyyən edilmiş vəzifələrin icrasına nail olmaq məqsədilə müvafiq işçi qrup yaradılsın və forumlararası dövrdə onun müntəzəm fəaliyyəti təmin olunsun.

                                                  

      Bakı şəhəri, 30 may 2018-ci il