Fransız yazıçının Azərbaycan qadınları ilə bağlı yazdığı kitabın təqdimatı keçirilib

31 may 2018

Paylaş:

31may 2018-ci il tarixində Hökumət Evinin konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müəllifi fransız yazıçı Jan Lui Quro olan 2 cildli “Azərbaycan qadınları” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitab “Keçmişin qadınları” və “Bugünün qadınları” adlı ilk cilddən ibarətdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Fransadan olan yazıçı Azərbaycan qadınlarının tarixi və inkişaf yolu haqqında yazdığı kitab olduqca böyük əhəmiyyətə malikdir. Çünki ölkəmizdə öz fəaliyyətləri ilə seçilən, keçmiş dövrdən bugünə kimi müxtəlif sahələr üzrə təmsil olunan qadınlar haqqında məlumatlar yer alımışdır. O qeyd edib ki, kitabda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında xüsusi məqalənin yer alması Azərbaycan qadınlarının onun simasında təqdim olunmasının gözəl nümunəsidir. Kitabda da qeyd olunduğu kimi, Mehriban xanım Əliyeva öz ictimai-siyasi, mədəni və digər sahələrdəki səmərəli fəaliyyəti ilə bütün qadınlara örnəkdir.

Hicran Hüseynova bildirib ki, kitabda yer alan bütün yazılar, qeyd olunanlar yazıçının şəxsi fikirləri və qələmindən çıxan düşüncələrin nəticəsidir. O, bu cür əhəmiyyətli kitabın nəşrinə görə yazıçıya təşəkkürünü və minnətdarlığını bildirib və fəaliyyətinə uğurlar arzu edib. Komitə sədri qeyd edib ki, “Azərbaycan qadınları” adlı kitabın digər ölkələrdə də təqdim olunması nəzərdə tutulur.

Fransız yazıçı Jan Lui Quro ilk növbədə xüsusi dəstəyə görə öz təşəkkürünü bildirib. O deyib ki, materialın ərsəyə gəlməsi üçün haqqında yazdığı qadınlarla görüşlər təşkil edilmiş və onların da fikirləri nəzərə alınmışdır. Yazıçı deyib ki, bundan əvvəl onun Qarabağ atları haqqında da kitabı nəşr olunmuşdur. O, ilk dəfə Azərbaycana UNESCO-nun tərkibində çövkən oyununun milli irsə daxil edilməsi ilə bağlı qiymətləndirmə aparmaq üçün ekspert kimi gəldiyini və bu cür maraqlı mövzunu qələmə almağa sövq etdiyini diqqətə çatdırıb.  

Yazıçı bildirib ki, Azərbaycan qadınları doğurdan da fəaldılar, onların müxtəlif sahələrdə aktiv şəkildə təmsil olunması təqdirəlayiq haldır. Jan Lui Quro qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında Fransada kifayət qədər məlumatlar vardır və onun haqqında olduqca müsbət fikirlər səsləndirilir. Mehriban xanım Azərbaycan mədəniyyətinin təbliği istiqamətində Fransada çox böyük işlər görmüşdür və mən bir daha şahidi oldum ki, Azərbaycan qadınları cəmiyyətin həyatında mühüm rol oynayırlar. O, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından maraqlandığını və bu haqda yazmaq qərarına gəldiyini qeyd edib. Müəllif diqqətə çatdırıb ki, öz ölkəsində qadınlara seçki hüququ verilməsi Azərbaycandan 15 il sonra baş vermişdir.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili                              (Ombudsman) Elmira Süleymanova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Elmira Ramazanova, tibb elmləri doktoru, professor, akademik Adilə Namazova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Azərbaycan Fulturoloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova iştirak edib. Çıxış edənlər Azərbaycan qadınlarının keçdiyi inkişaf yolundan bəhs edib və mühüm tarixi faktları diqqətə çatdırıblar. Qeyd edilib ki, bu kitab Azərbaycan qadınlarının zəngin və şərəfli fəaliyyətinin təbliği baxımından qiymətli materialdır və kitabın geniş auditoriya kütləsinə təqdim olunması mühüm əhəmiyyət kəsb edəcəkdir.