"Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” adlı layihənin bağlanış mərasimi keçirildi

6 iyun 2018

Paylaş:

6 iyun 2018-ci il tarixində Biləsuvar rayonunda, Heydər Əliyev Mərkəzində “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” adlı layihənin yekun mərasimi keçirilib. 

2016-cı ildən həyata keçirilməyə başlayan iki illik layihənin bağlanılış mərasimini qeyd etməkdə məqsəd layihənin həyata keçirilməsi dövründə əldə olunan nailiyyətləri və əsas mərhələləri vurğulamaq üçün bir araya gəlməkdir.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidəsi önünə gül dəstələri düzülüb.

Tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev giriş nitqi ilə çıxış edərək, bütün təşkilatçıları və tədbir iştirakçılarını salamlayıb. O qeyd edib ki, bu layihə qadınların iqtisadi baxımdan fəallığının artırılması istiqamətində olduqca mühüm əhəmiyyət kəsb edir. Bildirib ki, layihənin başlanğıc mərhələsində cüzi yanaşma var idi, lakin qadınlar sonradan daha çox maraq göstərməyə başladılar və bu kütləvi hal aldı. Bu istiqamətdə qadınlar arasında böyük təşviqat işi aparılmağa başladı və nəticə olaraq biz gördük ki, qadınlar öz bizneslərini qurmaqda maraqlıdırlar. 

İcra başçısı qeyd edib ki,bu layihənin icrasında vətəndaş cəmiyyətinin rolu böyük olmuşdur. Bildirilib ki, biz bucür layihələri hər zaman dəstəkləyirik və bugün bağlanış mərasiminin keçirilməsi həm də növbəti yeni başlanğıclara yol açılması deməkdir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib ki, bu bizim icra etdiyimiz ən uğurlu layihələrimizdən biridir. Bugün bu sahədə nailiyyətlər əldə etmiş qadınları görəndə şahidi oluruq ki, doğurdan da ötən illər ərzində çox böyük işlər görülüb: "Layihə imkan verdi ki, qadınların iqtisadi səlahiyyətlənməsi daha da artsın. Hər bir sahədə olduğu kimi iqtisadi baxımdan da qadınların sərbəstləşməsi, öz işlərini qurması, özlərini şəxsiyyət kimi cəmiyyətdə fəal üzv kimi hiss etməsi baxımından həyata keçirilən bütün tədbirlər qadın hüquqlarının qorunmasına öz töhfəsini verir."

Sədr müavini bildirib ki, biz bu layihəyə birinci Sabirabadda başladıq və qısa zamanda layihənin ilk başlanğıcında hələ 7-8 qadın cəlb olunmuşdu. Qadın Resurs Mərkəzləri yaradıldı. Yaradılan Qadın Resurs Mərkəzləri qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünüifadə üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərir.

"İcra edilən layihələr və əldə olunan nəticələr bir daha göstərir ki, qadınlar kişilərdən geri qalmadan öz bacarıqlarını ortaya qoya bilər. Bu layihəyə qoşulan qadın artıq evdə bir şəxsiyyətə çevrilir, ailə üzvləri də ona dəstək olmağa başlayırlar. Layihənin uğuru da elə budur"-deyə Sədaqət Qəhrəmanova qeyd edib.  O bildirib ki, ailə büdcəsinin idarə olunması, düzgün büdcənin müəyyən olunması kimi məsələlərdə iqtisadi maarifləndirmənin aparılması mühüm əhəmiyyət kəsb edir. Sədr müavini eyni zamanda onu da diqqətə çatdırıb ki, Azərbaycanda qadına seçib seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş  Qadınların V Forumu mayın 30-da qeyd olundu. Bu ötən 100 il tarix göstərdi ki, gender münasibəti hələ o zamanlar da var idi. 

Sədaqət Qəhrəmanova bu layihənin ən maraalı tərəfinin bu işə hər kəsin öz sevgisini qoyduğunu vurğulayıb. Sonda qeyd edilib ki, əgər bir qadın özünü güclü hiss edərsə heç kəsdən geri qala bilməz. 

Avropa İttifaqının səfiri Kestutis Yankauskas bildirib ki, bugün bura yığışan hər kəsin üzündəki təbəssümü 2 il ərzində icra edilən bu fədakar işin müsbət nəticəsi kimi qəbul edirəm. O qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın ən münasib təcrübəsini bölüşür və biz bundan sonra da sizinlə birgə olmaq və dəstək olmaq istəyirik. K.Yankauskas layihənin xidmət etdiyi sahələr və əldə olunan nəticələri diqqətə çatdırıb. Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə direktorluğunun (DG NEAR) rəhbəri Laurens Meredit əvvəlcə Azərbaycanı müstəqilliyinin yüz illiyi münasibətilə təbrik edib. O, layihənin icra mərhələləri və qarşıdakı vəzifələri diqqətə çatdırıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və qeyd edib ki, biz bu iki il ərzində məramımıza çatmağa çalışdıq, işimizi isə siz qiymətləndirə bilərsiniz. O, Dayanıqlı İnkişaf Məqsədlərinin qadınlarla bağlı olan hədəflərini diqqətə çatdırıb. 

Daha sonra Sabirabad rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva, Neftçala rayon icra hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova təqdimatlarla çıxış edərək layihənin əhəmiyyətini qeyd ediblər və layihə çərçivəsində görülən işlər barədə məlumat veriblər. 

Sabirabad Qadın Resurs Mərkəzinin rəhbəri Aygün Əliyeva, Neftçala Qadın Resurs Mərkəzinin rəhbəri Gülqədəm Mirzəzadə, Biləsuvar Qadın Resurs Mərkəzinin rəhbəri Natavan Əzizova çıxış edərək Mərkəzlər tərəfindən görülən işləri diqqətə çatdırıblar və edilən dəstəyə görə aidiyyəti qurumlara və təşkilatlara təşəkkürlərini bildiriblər. 

Rəsmi hissənin sonunda çıxış edən layihə müşaviri Gülarə Hümbətova ümumilikdə lahiyənin məqsədini, bu 2 il ərzində qadınlara edən dəstəyi və birgə işlədikləri qeyri-hökumət təşkilatlarını diqqətə çatdırıb və bütün qadınlara fəaliyyətlərində uğurlar arzu edib. 

Daha sonra Biləsuvar rayonunda qadınlar tərəfindən yaradılmış biznes sərgilərinə baxış (qadın qeyimləri mağazası, şirniyyat istehsalı, fitnes mərkəzi) keçirilib. 

Qeyd edək ki, 2016-cı ildən Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP),  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (SCFWCA) və Rasional İnkişaf Qadınlar Birliyi birgə “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda birgə Layihənin məqsədi qadın hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunun artırılması və qadınların cəmiyyət həyatında iştirakının təşviq edilməsidir. Layihə çərçivəsində ölkənin şəhər və kənd yerlərində qadınların yerli imkanlarının genişləndirilməsi, iqtisadi liberallaşma və gender bərabərliyi gündəliyini inkişaf etdirmək hədəflənmişdir.