“Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda növbəti təlim keçirildi

8 iyun 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən 20 noyabr, 2017-ci il tarixində Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu çərçivəsində Əlaqələndirmə Şurası yaradılmışdır. Şura növbəti Foruma qədərki dövr ərzində uşaqlar arasında birgə və səmərəli işin aparılmasının təmin edilməsi, həmçinin uşaqların iştirakı ilə onları maraqlandıran mövzularda təlimlərin təşkil olunması məqsədi ilə yaradılmışdır.

“Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda növbəti təlim 7 iyun 2018-ci il tarixində Dövlət Sərhəd Xidmətinin tabeçiliyində olan məktəbdə keçirilmişdir. Tədbirdə  məktəbdə  təhsil alan 50 kursant  iştirak etmişdir.  IV Ümumrespublika Forumun iştirakçısı, Əlaqələndirmə Şurasının üzvü Çingiz Qarayev çıxış edərək kursantlara  “Uşaq hüquqları” mövzusunda təlim keçmiş, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eləcə də uşaq iştirakçılığının təmin olunması istiqamətində müzakirələr aparmışdır.

Tədbirdə Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, şöbənin əməkdaşı Pərviz Əliyev  iştirak etmişdirlər.