Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müxtəlif ölkələrin ombudsmanları ilə görüşü keçirildi

21 iyun 2018

Paylaş:

21 iyun 2018-ci il tarixində Hökumət Evinin konfrans zalında Serbiya, Dağıstan, Tatarıstan, Gürcüstan, Rusiya Federasiyası Moskva şəhəri, Bolqarıstan, Ruminiya, Əfqanıstan, Pakistan ölkələrinin ombudsmanları və nümayəndələri ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın görüşü keçirilib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, ölkəmizdə həyata keçirilən ailə, qadın və uşaq siyasəti haqqında geniş məlumatları diqqətə çatdırıb. O, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi, müvafiq istiqamətlərdə qanunvericilik sistemi, qəbul olunan qanunlar, imzalanan fərman və sərəncamlar, dövlət proqramları, ratifikasiya olunan beynəlxalq sənədləri qeyd edib. Bildirilib ki, gender bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasında güclü qanunvericilik bazası mövcuddur. Hicran Hüseynova qadınların fəallığının artırılması, onların müxtəlif sahələrə cəlb olunması, qərarqəbuletmədə işitrakının gücləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirləri xüsusilə diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları haqqında da məlumat verərək qeyd edib ki, bu forumlar uşaqların inkişafı, gələcək fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb edir. Forum Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus uşaqların iştirakı ilə keçirilir. Bildirilib ki, Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Hicran Hüseynova məişət zorakılığı ilə bağlı yaradılan elektron bank haqqında məlumatları və statistik göstəriciləri də diqqətə çatdırıb.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxışında qeyd edib ki, insan hüquqlarının müdafiəsi istiqamətində bu cür çoxtərəfli təcrübə mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir. Nəticədə, insan hüquqlarının, xüsusən də qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizin təcrübəsi digər ölkələrin də marağına səbəb olur. Ombudsman ölkəmizin qadın və uşaq hüquqlarının qorunması istiqamətindəki siyasətini diqqətə çatdıraraq, görülən işlərin əhəmiyyətini qeyd edib.

Daha sonra ombudsmanların məişət zorakılığı, selektov abortlar, reproduktiv hüquqlar və digər mövzular üzrə sualları cavablandırılıb.