Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə tədbirlər keçirildi

22 iyun 2018

Paylaş:

12 iyun 2018-ci il tarixdə Ailə, Qadın və Uşaq Pronlemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində, 13 iyun 2018-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətində və 13 iyun 2018-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə tədbirlər keçirildi.

Azərbaycan Respublikası Prezidentinin  2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.5.2.1.-ci bəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə edilmişdir.

Bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır.

Qruplarda “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr, 537 nömrəli Fərmanında göstərilən səlahiyyətli dövlət orqanları təmsil olunurlar.

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin  effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.

Şəmkir rayon İcra Hakimiyyətində yaradılmış monitorinq qrupunun sədri Aynur Abdullayeva tədbiri giriş sözü ilə açaraq Şəmkir rayon İcra Hakmiyyətinə məişət zorakılığı ilə bağlı müraciətlərin daxil olmadığını, məişət zorakılığı qurbanlarının sığınacaqlara yerləşdirilməsində çətinliklər yarandığını, rayon ərazisində cinsi zorakılıq halları ilə bağlı müraciətlərin daxil olduğunu, Şəmkir rayon Polis şöbəsinə 32 ailənin münaqişəli ailə kimi müraciət etdiyini və həmin ailələrlə qeydiyyata alınaraq profilaktiki iş aparıldığı bildirmişdir.  

Gədəbəy rayon İcra Hakimiyyətində yaradılmış monitorinq qrupunun sədri Vəfa Allahverdiyeva giriş sözü ilə açaraq Gədəbəy  rayon İcra Hakmiyyətinə məişət zorakılığı ilə bağlı daxil olmuş müraciətlər və görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, məişət zorakılığı ilə bağlı Gədəbəy rayon polis şöbəsinə 67 ailə tərəfindən müraciətlərin daxil olduğunu və həmin ailələr münaqişəli ailə kimi qeydiyyata alındığını qeyd edilmişdir. V.Allahverdiyeva rayon ərazisində erkən nikah hallarının olmadığını bildirmişdir.

Göygöl rayon İcra Hakimiyyətində yaradılmış monitorinq qrupunun sədri Kəmalə İbrahimova giriş sözü ilə açaraq Göygöl rayon İcra Hakmiyyətinə məişət zorakılığı ilə bağlı daxil olmuş müraciətlər və görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Məişət zorakılığı ilə bağlı 6 faktla bağlı Məlumat Bankına məlumat ötürüldüyünü bildiriən K.İbrahimova ümumilikdə 29 ailənin profilaktiki qeydiyyata alındığını bildirmiş və hazırda həmin ailələrlə iş aparıldığını qeyd etmişdir. Eyni zamanda rayon ərazisində təhsildən yayınma, erkən nikah, uşaq əməyi və dilənçiliklə bağlı halların aşkar olunmadığı vurğulanmışdır.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Ceyran Rəhmətullayeva ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat vermişdir. Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova Məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı çıxış etmişdir.

Monitorinq qrupunun üzvləri bu məsələlərlə bağlı geniş müzakirələr apararaq gələcəkə bu sahədə daha səmərəli fəaliyyət göstərəcəklərini qeyd etdilər.