Komitədə Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş baş tutub

28 iyun 2018

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir və davam etdirir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Yaxşı Yerli Özünüidarəetmə Proqramı çərçivəsində həyata keçirdiyi Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş DAYAQ mentorluq layihəsi Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə tərəfdaşlıq edərək Qadınların bələdiyyə idarəçiliyində iştirakının gücləndirilməsi, gender bərabərliyi sahəsində mövcud olan real problemlərin həlli və yerli səviyyədə buna dair qərarların qəbulunda qadınların fəal iştirakına nail olmağa çalışır. Keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə 28 iyun 2018-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabarinnin başçılıq etdiyi mümayəndə heyəti ilə  görüşü baş tutub.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabarinnin başçılıq etdiyi mümayəndə heyətindən başqa, Fələstinin Yerli Hökumət Nazirinin müavinin köməkçisi  Manar Al Fitiani, gender sektorunun rəhbəri  Asmaa Al Hendi, Yerli Hökumət Nazirliyinin digər nümayəndələri- Rima Shubeitah, mMurad Al Shayeb,  GİZ təşkilatının Fələstin Respublikasındakı nümayəndələri- Hiba Muthaffar, Haya Qundah və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.

Görüş zamanı Dövlət Komitəsinin sədri Hicran Hüseynova  Azərbaycan ilə Fələstin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Yaxşı Yerli Özünüidarəetmə Proqramı çərçivəsində həyata keçirdiyi, Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş DAYAQ mentorluq layihəsi Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə tərəfdaşlıq edərək qadınların bələdiyyə idarəçiliyində iştirakının gücləndirilməsi, gender bərabərliyi sahəsində mövcud olan real problemlərin həlli və yerli səviyyədə buna dair qərarların qəbulunda qadınların fəal iştirakına nail olmağa çalışır. Bu görüş həyata keçirilən layihələrdə səmərəliliyin artırılması məqsədilə təşkil olunub. Komitə sədri qeyd edib ki, Fələstin tərəfini daha çox qadınların ictimai-siyasi fəallığı, qadın sahibkarlığı daha çox maraqlandırır və ölkəmiz bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazırdır.

Diqqətə çatdırılıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Cümhuriyyət dövründə qadınlara kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququnun verilməsinin 100 illiyi qeyd olunur. Lakin Azərbaycan qadınlarının müstəqilliyi ondan əvvəl də mövcud idi. 1901-ci ildə Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbi yaradılıb. Bu uzun müddət ərzində Azərbaycanda çox savadlı xanımlar yetişib. Onlar təhsilli, yüksək peşəkar qabiliyyətlərə malik, bilikli insan olmaqla yanaşı, həm də yaxşı ana olurlar. Bizim GIZ və digər beynəlxalq təşkilatlarla apardığımız işlər çərçivəsində qaçqın və məcburi köçkün qadınlara, müharibədə həyat yoldaşını itirmiş xanımlara dəstək, onlarla mütəmadi iş sahəsində sıx əməkdaşlığımız var. Ölkəmizdə qadınlar arasında sahibkarlığın formalaşdırılması ilə bağlı layihələr həyata keçirmədən öncə kiçik və orta sahibkarlıq barədə araşdırma apardıq. Sonra da azərbaycanlı sahibkar qadınlara maddi-texniki dəstək göstərdik. Nəticədə ölkəmizdə çox maraqlı və gəlirli müəssisələr fəaliyyətə başladı. Prezident İlham Əliyev Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə bu sahədə çox mühüm layihələr həyata keçirilir.

Fələstinin yerli hökumət nazirinin müavini Məhəmməd Cabarin bildirib ki, Azərbaycan dövləti daim Fələstini dəstəkləyir. O, ölkəsində qadınlar üçün yaradılan şəraitdən danışıb: “Bizdə də qadınlar seçir və seçilirlər. Onlar hər yerdə, eyni zamanda, bələdiyyələrdə öz layiqli yerlərini tuturlar. Məqsəd budur ki, gender bərabərliyi təmin olunsun. Qadın hüququnun müdafiəsi məsələsində biz Azərbaycanın təcrübəsindən öyrənirik. Fələstinin digər ölkələrdə səfir kimi fəaliyyət göstərən əksər diplomatları xanımlardır. Təhsil ocaqlarında çalışanların əksəriyyəti də demək olar ki, qadınlardır. Qadınlar üçün hər iki ölkədə yüksək səviyyədə şəraitin yaradılmasına görə dövlətlərimizin başçılarına minnətdarıq”.

Daha sonra görüş çərçivəsində dəyirmi masa təşkil olunub. Fələstinin Yerli Hökumət Nazirinin müavini Mohammad Al Jabari təqdimatla çıxış edərək qeyd edib  ki,  1997-ci ildən fəaliyyət göstərən bələdiyyələrdə hazırda 21% sədr qadındır. O, bildirib ki, bələdiyyə seçkilərində qadınların iştirak faizi isə 1998-ci ildə 1,6% idisə, hazırda 21%-dir. “Dövlətin idarəedici strukturlarında qadınlar 11%-lə, təhsil müəssisələrində 60%-lə təmsil olunurlar. Hazırda hakimlərin 16%-ini də qadınlar təşkil edir”.

Çıxış edən GİZ təşkilatının Fələstin Respublikasındakı nümayəndəsi - Hiba Muthaffar əlavə edib ki, idarəedici orqanlarda gender bərabərliyinin qorunması sahəsində Fələstin hökuməti tərəfindən mühüm işlər görülür.

Dövlət Komitəsinin əməkdaşları təqdimatla çıxış edərək, Azərbaycan Respublikasının dövlət qadın siyasəti, Dövlət Komitəsinin yaradılması və fəaliyyət istiqamətləri, ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, gender bərabərliyinin təmin edilməsi, qadınların irəli çəkilməsi, qadın sahibkarlığının inkişafı, həmçinin, Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş “Dayaq” Mentorluq layihəsi haqqında ətraflı məlumatı diqqətə çatdırıblar.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılıb.