Mətbuat üçün açıqlama

5 iyul 2018

Paylaş:

Müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar ailə institutuna nəzərəçarpacaq təsir göstərməkdədir. Bununla əlaqədar olaraq, dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsi keçirilir. 

Layihə çərçivəsində keçirilən görüşlərdə gənclər, qadınlar, xüsusilə, gənc ailələr, sosial iştirakçılığı zəif olan insanlar cəmiyyətdə aktual olan mövzular ətrafında sosioloq, psixoloq,  hüquqşünas və digər ekspertlərdən faydalı məlumatlar əldə edir, öz fikir və təkliflərini birbaşa olaraq çatdıra bilirlər. Bələdiyyə orqanlarında keçirilən görüşlərin yerli sakinlərin iştirakı ilə il ərzində mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində növbəti tədbir 06 iyul 2018-ci il tarixində saat 12:00-da Nizami rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Nizami rayonunda yerləşən 12 nömrəli tam orta məktəbin binasında keçiriləcəkdir. Tədbirin rəsmi açılış hissəsində aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatın nümayişi, növbəti hissənin isə rayon icma nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.