Nizami rayonunda “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

9 iyul 2018

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə 2017-ci ildən etibarən həyata keçirilən “Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində növbəti tədbir 6 iyul 2018-ci il tarixində Nizami rayon İcra Hakimiyyəti ilə birgə və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Nizami rayonunda yerləşən 12 nömrəli orta məktəbdə keçirilib.

Tədbiri giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyəti başçısının müavini
Gülnaz İsrafilova tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eyni zamanda tədbirdə iştirak edən hər bir kəsə öz minnətdarlığını bildirib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Nizami rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib. Aynur Sofiyeva çıxışı zamanı qeyd edibki: “Müasir dövrdə ailə məsələləri hamını narahat edir. Qloballaşan dünyada ailə institutu ətrafında  baş verənlər bütün dünyada ailələrə tolerant münasibət gətirir. Cəmiyyət inkişaf edir. Ailələrdə müxtəlif problemlər yaranır. Dövlətin həyata keçirdiyi dövlət ailə siyasəti nəticəsində problemlərin bir çoxu öz həllini tapır. Lakin buna baxmayaraq, müəyyən məqamlarda bəzi məsələlərin həll yolu məhz insanlardan asılıdır.” Çıxışı zamanı bir çox məqamlara toxunan A.Sofiyeva, Dövlət Komitəsi tərəfindən həyata keçirilən bu layihənin yerli özünüidarəetmə orqanlarınında dəstəyi ilə gənc ailələrə, evdar qadınlara bir çox cəhətdən müsbət təsir göstərəciyinə əmin olduğunu bildirib.

Tədbirdə “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.   

Daha sonra tədbirdə Keşlə bələdiyyəsinin sədri Ələmdar Vəfadarov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və ADA Universitetinin 3-cü kurs tələbəsi – akademiyaya 700 balla daxil olmuş İbrahim Əhmədov çıxış ediblər. Bələdiyyə sədri Ə.Vəfadarov çıxışı zamanı Dövlət Komitəsi tərəfindən bələdiyyələrə olan etimadın çox təqdirəlayiq olduğunu, qeyd olunan mövzuların qloballaşan dünyada həqiqətəndə çox aktual olduğunu bildirib, aidiyyəti dövlət orqanlarının birgə səmərəli fəaliyyəti nəticəsində müsbət nəticələr əldə ediləcəyini vurğulayıb.

Tədbirin 2-ci hissəsində eskpert - Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin Psixoloji Xidmət üzrə metodisti Səidə Əhmədova, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi Aygün Rəhimli və 19 nömrəli Uşaq Poliklinikasının baş həkim Aidə Bayramova çıxış ediblər.

         Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.