Komitənin Aparat rəhbəri Amerikada sosial iş sahəsində təhsil, təcrübə mübadiləsində iştirak edir

25 iyul 2018

Paylaş:

Amerika Birləşmiş Ştatlarının Dominik Universitetinin dəvəti ilə təcrübə mübadiləsi proqramı çərçivəsində səfərdə olan AQUPDK-nın aparat rəhbəri Ceyran Rəhmətullayeva, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Sədaqət Əliyeva, Azərbaycan Sosisal İş İctimai Birliyinin nümayəndələri 20 iyul 2018-ci il tarixindən başlayaraq, səfərdədilər.

Səfər çərçivəsində Azərbaycan nümayəndələri  Dominik Universitetinin prezidenti xanım professor Donna Karoll ilə görüşüblər. C. Rəhmətullayeva Dominik Universitetinin sosial iş üzrə magistratura pilləsinin tələbələri üçün mühazirə oxuyub. Mühazirədə Azərbaycan dövlətində ailə, uşaq siyasəti, sosial işin tarixi, sosial iş təhsil sistemi haqqında maraqlı məlumatlar əks etdirilib. C.Rəhmətullayeva əvvəlcə Azərbaycanın yerləşdiyi coğrafi məkan, əhalisi, tarixi barədə məlumat verərək, dövlət siyasəti, Azərbaycanda qadın hərəkatı, 19-cu əsrin əvvəllərində xeyriyyə cəmiyyətlərinin rolu və ilkin sosial fəaliyyətlərin başlanması və müasir dövrdə sosial siyasət, həyata keçirilən layihə və dövlət proqramları barədə məlumat verərək, ölkədə sosial proqramların keçirilməsində Heydər Əliyev Fondunun gördüyü işlər və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə fəaliyyətinin xüsusi vurğulayıb. Tələbələr Azərbaycan haqqında bir çox suallarla müraciət edib, mühazirə interaktiv sual-cavab formasında müzakirələrlə davam etidirilib.

Daha sonra Azərbaycan Sosial İş ictimai Birliyinin üzvü Xanbala Əhmədov və Birliyin rəhbəri Aytəkin Hüseynova Azərbaycanda sosial iş təhsili barədə məlumat veriblər. Nümayəndə heyəti həmçinin Çikaqo şəhər Milli Sosial İş Birliyində görüş keçirib, təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, təhsil mübadiləsi proqramı davam edir. Proqram çərçivəsində İllinois ştatının digər universitetlərində görüş və mühazirələrin keçirilməsi planlaşdırılır. Nümayəndə heyəti bu gündən başlayan Ailə Məsələləri üzrə illik konfransda iştirak edəcəkdir. Konfrans üç gün davam edəcəkdir.