Dövlət Komitəsinin sədri Peru Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüşüb

3 sentyabr 2018

Paylaş:

3 sentyabr 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Peru Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Mariya Milaqros Kastanyon Seoane ilə görüşü keçirilib.

Görüş zamanı Dövlət Komitəsinin sədri Hicran Hüseynova  Azərbaycan ilə Peru arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Hicran Hüseynova Azərbaycanda qadın sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, əvvəllər sahibkarlar arasında qadın sahibkarlar 4 faiz idi, bu gün isə 35 faizdən çoxdur. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafına böyük diqqət göstərir. Əvvəllər qızlar peşə seçərkən daha çox müəllim və həkim olmağa üstünlük verirdilər. Lakin bu gün iqtisadiyyat, yüksək texnologiyalar sahəsində qızların sayı artır. Bu da ölkəmizdə gender bərabərliyinin göstəricisi kimi qiymətləndirilə bilər.

Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Hicran Hüseynova ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu bildirib. Qeyd edib ki, onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. Onların problemləri daim ölkə rəhbərliyinin diqqətindədir.

Peru Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Mariya Milaqros Kastanyon Seoane qadın hüquqlarının müdafisəi sahəsində Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Həmçinin səfir qeyd edib ki, Peru Respublikasında sahibkarlıq sahəsində bir çox uğurlu layihələr həyata keçirilib və hal-hazırda qadın sahibkarların sayı 50%-ə çatıb.

Görüşdə qadın sahibkarlığın inkişafı, ikitərəfli əməkdaşlığın səviyyəsinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb.