“Gələcək hamı üçün” adlı tədbir keçirilmişdir

7 aprel 2014

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi və dövlət ailə siyasətinin həyata keçirilməsi məqsədi ilə milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği istiqamətində tədbirlər həyata keçirilir.

Bu istiqamətdə hər il olduğu kimi, bu il də “Beynəlxalq Ailə Günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibəti ilə may ayının 1-dən 15-dək silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Silsilə tədbirlər çərçivəsində 6 may 2014-cü il tarixində “Fiziki imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbində” tədbir keçirilmişdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinə psixoloji yardım göstərmək məqsədilə keçirilən dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva, İnternat məktəbinin psixoloqu Hüsniyyə Hüseynova, Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Nərmin Mürsəlova və Pəri Abdullayeva iştirak etmişdirlər. Tədbirdə:

  • Ailənin fiziki imkanları məhdud olan uşaqların həyatında rolu;
  • Fiziki imkanları məhdud olan uşaqların reabilitasiyası, cəmiyyətə inteqrasiyası və özünəxidmət bacarıqlarının inkişaf etdirilməsi;
  • Fiziki imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqların fiziki və əqli imkanlarının qiymətləndirilməsində valideynlərin rolu;
  • Fiziki imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqların ətraf mühit ilə kontakt (əlaqə) yaratmasında valideynlərin üzərinə düşən öhdəliklər

kimi mövzular ətrafında müzakirələr aparılmış, valideynlərin maraqlandıran suallar  psixoloqlar tərəfindən cavablandırılmışdır.

Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanmış “Reproduktiv sağlamlıq. Nikahdan əvvəl tibbi müayinə”, “QİÇS sağalmaz xəstəlikdir”, “Uşaq-valideyn münasibətləri”, “Sağlam həyat tərzi”, “Yaşlılara qayğı və hörmət təlimatları”, “Qan qohumları arasında nikah və onun fəsadları”, “İnsan alveri qurbanı olma” və “Uşaqlarınızı qoruyun” adlı bukletlər disk şəklində (audio formada) təqdim edilmişdir.