Dövlət Komitəsinin sədri Hicran Hüseynova “III Beynəlxalq Qadın və Ədalət Zirvəsi”ndə çıxış edib

23 noyabr 2018

Paylaş:

Türkiyənin İstanbul şəhərində “III Beynəlxalq Qadın və Ədalət Zirvəsi” keçirilir. Zirvədə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edir.

Türkiyənin Ailə, Çalışma və Sosial Siyasət Nazirliyi və Qadın və Demokratiya Dərnəyi tərəfindən təşkil olunan III Beynəlxalq Qadın və Ədalət Zirvəsi”nə Avropa, Orta Şərq və Şimali Afrikadan nümayəndələr qatılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə başlanan Zirvədə daha sonra Türkiyənin Ailə, Çalışma və Sosial Siyasət Naziri Zehra Zümrüt Selçuk, Qadın və Demokratiya Dərnəyinin rəhbəri Saliha Okur Gümrükçüoğlunun çıxışları dinlənilib.

“III Beynəlxalq Qadın və Ədalət Zirvəsi”ndə “Ailənin gücləndirilməsi” mövzusunda çıxış edən Hicran Hüseynova bildirib ki, ailə həm şəxsiyyət, həm də cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərdir. Ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən biridir. Bu institutunun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. Bəs indiki halda biz hansı tendensiyanı müşahidə edirik? Burada daha çox iki istiqamət özünü göstərir. Bəzi alimlər təsdiq edirlər ki, ailəyə olan tələbatı azalmışdır. Ailə sivilizasiyanın təsiri altında birgəyaşayışın liberal formalarından biridir. Lakin, bir çox tədqiqatçılar sübut edirlər ki, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Son illər ailə institutu və bu dəyərlərin qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar, toplantılar bu məsələlərin nə qədər aktual olduğunu bir daha göstərir.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda və Türkiyədə ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Azərbaycan çoxmillətli bir respublikadır. Burada yaşayan azsaylı xalqlar, milli etnik qruplar və milli azlıqlar yerli azərbaycan xalqı ilə sıx münasibətdədirlər. Onların ailə dəyərlərinə hörmətlə yanaşılır və bu dəyərlər geniş şəkildə təbliğ olunur. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi çərçivəsində ailənin inkişafına yönələn tədbirlər xüsusi diqqət ayrılır. 90-cı illərdə ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Ulu Öndər Heydər Əliyevin dəstəyi əsasında mühüm beynəlxalq Konvensiyalar və qanunlar qəbul edilmişdir. Bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən həmin qanunvericilik islahatları uğurla davam etdirilir. “Qeyd edim ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların imkanlarının genişləndirilməsi, uşaqların hüquqlarının müdafiəsi üçün hədəflər müəyyən edilmişdir”.

Ölkəmizin ən həssas təbəqəsi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqışəsi nəticəsində öz doğma yurdlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşən ailələrdir- deyən Hicran Hüseynova bildirib ki, Onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası, sosial müdafiəsi, mənzil şəraitinin yaxşılaşdırılması Hökumətimizin xüsusi diqqət göstərdiyi məsələdir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınmış, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilmiş, müasir tələblər əsasında infrastruktur yaradılmışdır. Eyni zamanda, yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Və bu insanların reablitasiyası qarşımızda dayan ən önəmli vəzifədir. Və nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva belə həssas qruplardan olan ailələr üçün çox böyük işlər görür. Belə ki, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Onlar üçün son bir ildə bir neçə binalar tikilmiş və ailələr mənzillə təmin edilmişdir.

“III Beynəlxalq Qadın və Ədalət Zirvəsi” 24 noyabr tarixində də davam edəcək.