“Azərbaycan ailəsi 2018” film festivalının mükafatlandırma mərasimi keçirildi

29 noyabr 2018

Paylaş:

Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi 2018” film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib.

Festival dövlət qurumları, icra hakimiyyətləri və qeyri-hökumət təşkilatları nümayəndələri, tələbələr, eləcə də festivala film və fotolarını təqdim edən şəxslərin iştirakı ilə baş tutub.

2009-cu ildən etibarən hər il keçirilən Festivalın əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətlərinin aşkar olunması, qeyd olunan istiqamətlərdə video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.

Tədbirdən əvvəl təşkil olunan sərgidə Bərdədə yaşayan anadangəlmə fiziki əngəlli olan 23 yaşlı Günay Məmmədlinin 25 ən yaxşı əsəri nümayiş etdirilib. Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və digər qonaqlar sərgi ilə tanış olublar.
 

Tədbirdə “Həyatdan şəklə” adlı foto-müsabiqəyə təqdim olunan fotoşəkillərdən ibarət sərgiyə baxış və ümumi videoroliklərin nümayişi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu gün dünyada ailələrin sayının azaldığı müşahidə olunur. Təəssüf ki, bir çox ölkələrdə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir. Azərbaycanda isə ailə vətəndaş cəmiyyətinin formalaşmasında əsas element kimi qəbul olunur.

 Komitə sədri qeyd edib ki, hələ 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yarananda ailələrin rifahının yaxşılaşdırılması üçün bir sıra mühüm işlər görülmüşdür. Müstəqilliyimizi  bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmişdir. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ailənin önəmli rolunu qiymətləndirərək vurğulayıb ki, ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Ailələrin problemlərini həmişə diqqət mərkəzində saxlayan Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Qaçqın və məcburi köçkün  ailələrə  xüsusi qayğı göstərir.

Bizim maraqlı və uzunömürlü  layihələrimizdən biri də Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu  ilə birgə keçirdiyimiz “Azərbaycan ailəsi” adlı filmlər festivalıdır deyən Komitə sədri bildirib ki, bu gün bu layihənin 10 ili tamam olur.  Festivalın keçirilməsində əsas səbəblərdən biri  kinomatoqrafiyanın geniş imkanlarından istifadə edərək bu sahədə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılmasıdır. Digər məqsədlərdən biri də ailə, milli-mənəvi dəyərlərin gənclər arasında təbliğ etməkdir. Eyni zamanda, yaradıcı gənclərin bu layihədə daha aktiv iştirak etməsi də bizim məqsədlərimizdən biridir.

Baş nazirin müavini Əli Əhmədov “Azərbaycan ailəsi” festivalının ailə dəyərlərinin qorunmasına və təbliğinə xidmət etdiyini bildirib. O qeyd edib ki, mənəvi sərvətimiz hesab olunan ailə cəmiyyətimizin özəyidir. Bəzi ölkələrdə cəmiyyət ailəsiz təsəvvür oluna bilər, Azərbaycanda isə bu cür deyil. Bizdə dövlət siyasətində ailəyə qayğı mühüm önəm kəsb edir. Festivalın digər müsbət təsiri odur ki, bu, həm də mədəni hadisədir. Cəmiyyətdə insanlar bu festival vasitəsilə öz yaradıcılıq imkanlarını inkişaf etdirə bilirlər.

Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, bu festival vasitəsilə yaradıcı insanlar öz potensiallarını beynəlxalq aləmdə təbliğ etmək imkanı qazanırlar. Layihə çərçivəsində ailə ilə bağlı toxunulan mövzular hüdudsuzdur. Burada mədəniyyət, təhsil, sağlamlıq və digər sahələrin önündə ailə institutunun gəldiyi göstərilir. Bu festivala geniş auditoriyanın cəlb edilməsinin əsas səbəblərindən danışarkən onun təşkilatçılarından birinin də Heydər Əliyev Fondunun olmasını göstərmək lazımdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu məsələ önəmli yer tutur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, hər bir cəmiyyətdə sağlam ailə təfəkkürü təhsilə, səhiyyəyə və mənəviyyata müsbət təsir edir. Azərbaycanda ailə institutunun qorunması ilə bağlı tədbirlərin görüldüyünü deyən Mələk Çakmak əlavə edib ki, BMT bu sahədə tərəfdaşlıq etməkdən məmnundur.

Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2018” film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub. Yekunda birgə xatirə fotosu çəkilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün təşkilat komitəsinə, 5 Bədii film, 3 Televiziya verilişi (ARB Media Şirkətinin televiziya verilişləri), 6 Sənədli film, 12 Tələbə filmi, 12 Xarici film (Rusiya, Belarusiya, Mərakeş və İran), 1 Cizgi film, 8 Sosial çarx, 7 Vətənpərvərlik mövzusunda olan filmlər (müsabiqədə 34 yerli rejissor iştirak etmişdir), “Azərbaycan ailəsi” film festivalı çərçivəsində keçirilən “Həyatdan şəkilə” foto müsabiqəyə isə 22 iştirakçı tərəfindən 82 fotoşəkil təqdim olunmuşdur