Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi

12 dekabr 2018

Paylaş:

12 dekabr 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Fəxri Xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Tədbir Dahi şəxsiyyətin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, bildirib ki, Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş fenomenal şəxsiyyətdir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və  nüfuz qazanmış görkəmli dövlət xadimidir. O deyirdi ki, "Mənim əsas silahım Sözdür". Bu silah sayəsində Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Heydər Əliyevin sülh məramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır.

Komitə sədri qeyd edib ki, bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın  azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin  bütün  problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdir.  Və onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur. Bu gün isə aparılan siyasət bir daha göstərir ki, biz öz torpaqlarımızı qaytaracağıq,qələbə bizimlədir. 

Hicran Hüseynova Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin dövlət qadın siyasəti olduğunu qeyd edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev qadın hərəkatını dəstəkləyən, onların səlahiyyətlərinin artırılması üçün bütün imkanlar yaradan dövlət başçılarından biri idi. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev həyatın müxtəlif sahələrində çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini diqqətlə izləmiş, onların hüquqlarının qorunmasına xüsusi diqqət yetirirdi. Ulu Öndərimiz qadınlar haqqında çox müdrik fikirlər söyləmişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. O, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edir, onların cəmiyyətdə aktiv iştirakına böyük əhəmiyyət verirdi. Bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayır,  dövlətimizin inkişafı  uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır.  Azərbaycan  gender bərabərliyi, insan hüquqlarının müdafiəsi ilə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. 1998–ci ildə yaradılan və MDB dövlətləri arasında birinci belə qurum olan  Qadın Problemləri üzrə Dövlət Komitəsi bunun  yaxşı göstəricisidir.

Komitə sədri diqqətə çatdırıb ki, Heydər Əliyevin  hakimiyyəti dövründə Azərbaycanın  nail olduğu uğurları bir çıxışla  demək mümkün deyil. Biz dərk etməliyik ki, o, həm sovet, həm də müstəqillik dövründə, həyatını və sağlamlığını düşünmədən, öz xalqını bir çox bəla və problemlərdən xilas edib.

Biz hər birimiz fəxr edirik ki, bu gün  onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  daha da gücləndirirlər.  Onların bu  fəaliyyəti   Heydər  Əliyev  ənənələrinə,  irsinə  sədaqəti  bir  daha  təsdiqləyir. Tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər də nadir şəxsiyyət, fenomenal insan idi.

 O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.  Bütün  ömrünü  Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq və onun “Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcəkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qərəmanova və Aynur Sofiyeva çıxış edərək, Ümummilli Liderin respublikamızın bütün sahələr üzrə inkişafı, ölkəmizin dünyaya tanıdılması istiqamətində gördüyü işləri, öz xalqı və dövləti qarşısında misilsiz xidmətləri vurğulayıblar, eyni zamanda, Ulu Öndərlə olan xatirələrini bölüşüblər.  Qeyd olunub ki, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev müxtəlif sahələrdə çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini hər zaman diqqətlə izləyib, onların hüquqlarının qorunması istiqamətində mühüm işlər görüb.

Sonda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub.