Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 90 illik yubileyi

14 dekabr 2018

Paylaş:

Tarix üçün 90 il qısadır, amma bu müddəti araşdıranda, biz görürük ki, hüquq fakültəsinin böyük və zəngin tarixi var. XX əsrin ziyalıları və dövlət xadimləri çox yaxşı dərk edirdilər ki, xalqın inkişafı üçün hüquqi maarifləndirmə  vacibdir. Buna görə də 1919-cu ildə  Azərbaycan  Xalq Cümhuriyyəti Parlamentinin “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında ” qanun qəbul etdi.

Və bu, ilk dəfə olaraq məhkəmə və inzibati-dövlət aparatı orqanlarında çalışa bilən milli hüquqşünasların hazırlanması üçün bir başlanğıc idi.  İlk illər bu fakültənin təşkili və formalaşdırılması prosesi çox çətin şəraitdə getmişdir. Birincisi, o dövrdə  Azərbaycanda elmi dərəcəli milli hüquqşünaslar, ali hüquq təhsilli pedaqoqlar demək olar ki, çox az idi. İkincisi isə, maddi-texniki baza yox idi. Lakin zaman keçdikcə bu fakültə inkişaf etməyə başladı. Böyük bir mütəxəssis ordusu yetişdi. Bu gün onların arasında respublikamızın  inkişafında özünəməxsus  iz qoyan tanınmış alimlər, dövlət xadimləri, ziyalılar var.

            Lakin qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin bu sahənin inkişafında xüsusi rolu olub. Bir sıra yeniliklərə imza atan Ümummilli Lider  digər sahələrdə olduğu kimi burada da ciddi islahatlar apardı.  Ən başlıcası isə o,  hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsinə imkanlar yaratdı.  Və ən önəmli məsələlərdən biri də cəmiyyətdə hüquqi təfəkkürün, mədəniyyətin inkişaf etdirilməsi idi. Bu isə bütövlükdə insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm əhəmiyyətə malikdir.

  Hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan güclü siyasətin tərkib hissəsi kimi elm və təhsil sahəsində də  özünü göstərir. Hüquq fakültəsi Respublikada hüquq elminin inkişafında ve hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir. Fakültənin əməkdaşları tərəfindən müvafiq sahələr üzrə çoxsaylı elmi tədqiqatlar aparılır. Bu gün fakültə minlərlə yüksək ixtisaslı hüquqşünas kadr yetişdirir. Və ölkənin hüquq mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin edir. Komitənin hüquq fakültəsi ilə çox sıx əməkdaşlığı var. Və biz çox maraqlıyıq ki, gənc hüquqşünaslar ailə, qadın  və uşaq hüquqlarının müdafiəsi ilə bağlı məlumatlı olsunlar. Gender bərabərliyinin təmin edilməsi və məişət zorakılığının aradan qaldırılması sahəsində mütəxəssislərə ehtiyac var. Buna görə də bir neçə dəfə hüquq fakültəsinin tələbələri üçün fakültativ kurslar keçirilib. Eyni zamanda, bu il fakültə ilə birgə hazırlanan “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” kitabının təqdimatını keçirdik. Bu kitab dərs vəsaiti kimi tövsiyə olunub. Və biz bu əməkdaşlığı daha da gücləndirməliyik. 

    Hüquq fakültəsinin bütün kollektivini bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni elmi nailiyyətlər arzulayırıq.