Dövlət Komitəsinin sədri BMT Uşaq Fondunun Azərbaycan Hökuməti ilə əməkdaşlığının yubiley mərasimində çıxış edib

14 dekabr 2018

Paylaş:

14 dekabr 2018-ci il tarixində  Azərbaycan Dövlət Akademik Filarmoniyasında BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycan Hökuməti ilə əməkdaşlığının 25 illiyinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə hökumət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Hökuməti adından BMT-nin Uşaq Fondunu ölkəmizdəki fəaliyyətinin 25 illiyi münasibəti təbrik edib, ötən müddət ərzində Hökumətlə BMT-nin Uşaq Fondu arasında səmərəli əməkdaşlığın istiqamətləri və perspektivləri barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu əməkdaşlığın  daha da gücləndirilməsinə xüsusi  diqqət yetirir: “UNİCEF-in təşəbbüsləri Hökumət tərəfindən dəstəklənir. Və bu əməkdaşlıq mövcud qanunvericilik bazasının təkmilləşməsinə, uşaq müdafiə sisteminin güclənməsinə töhfə verir.  Bu gün BMT-nin Uşaq Fondu və Azərbaycan Hökumətinin əlaqələri  artıq əməkdaşlıqdan tərəfdaşlıq münasibətlərinə keçmişdir. Azərbaycan Respublikasının Birinci Vitse prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət nəticəsində həmin tərəfdaşlıq çox yaxşı nəticələr verir.  Xüsusilə də, cəmiyyətdəki daha həssas uşaqlar–xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələr keçirilir.  Özünü doğruldan layihələrdən biri də Heydər Əliyev Fondunun da dəstək verdiyi  Azərbaycan Uşaqlarının Ümumrespublika Forumlarıdır. Uşaqlarımızın ictimai fəallığının artması üçün bu Forumların böyük önəmi vardır, artıq regionlarımızda güclü Liderlər Komandası  formalaşıb.”

Hicran Hüseynova bildirib ki, məqsədimiz uşaqlarımızın hüquqlarının müdafiəsini hərtərəfli təmin etməkdir. Və inanırıq ki, birgə səylər nəticəsində buna nail olacağıq.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin çıxış edərək ölkəmizlə olan əməkdaşlığın əhəmiyyətini qeyd edib. O bildirib ki, Azərbaycanda dövlət uşaq siyasəti istiqamətində əməli addımlar atılmaqdadır. Və uşaqların hərtərəfli inkişafı, bütün imkanlarla əhatə edilməsi, hüquqlarının müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. O, Azərbaycan Hökumətinə diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Rəsmi hissədən sonra istedadlı uşaqların ifasında bədii hissə ilə tədbir davam edib.