“Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində Binəqədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tədbir keçiriləcəkdir

19 dekabr 2018

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği və asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə “Ailəliklə kitabxanaya” layihəsinə start verilib.

Kitabların və kitabxanaların ailənin bir məkanda birləşməsində aparıcı qüvvələrdən biri kimi çıxış etdiyini nəzərə alaraq, layihə çərçivəsində kitabxanaların nəzdində “Ailə Klub”larının yaradılması nəzərdə tutulur. “Ailə Klubu” ictimai əsaslarla fəaliyyət göstərir. Ailə klubunun məqsədini dəstəkləyən istənilən ailə klubun üzvü ola bilər.

Layihə çərçivəsində 20 dekabr 2018-ci il tarixində saat 12:00-da Binəqədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında aidiyyatı dövlət qurumlarının nümayəndələrinin, eləcə də ailələrin iştirakı ilə tədbir keçiriləcəkdir.

Tədbirin əhəmiyyətini nəzərə alaraq, daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.