"Gender bərabərliyi və sahibkarlığın inkişafı" mövzusunda təlimlər başa çatdı

21 dekabr 2018

Paylaş:

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, “Konstitusiya”  Araşdırmalar Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi həyata keçirilir. Hazırda layihənin “Qadın sahibkarlığının inkişafı” komponenti icra olunur. Layihənin məqsədi bilik və bacarıqların artırılması, institusional dəstək, təşviq və mühitin yaxşılaşdırılması tədbirləri, təkliflər hazırlanması və qanunvericilik islahatlarına nail olmaqla qadın biznesinin inkişafına dəstək verilməsidir.

Layihə çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatı və ekspert dəstəyi ilə dövlət orqanlarında, özəl və qeyri-hökumət təşkilatlarında Gender məsələləri üzrə məsul şəxslər üçün 12-13-14 dekabr olmaqla birinci qrup üçün və 18-19-20 dekabr tarixlərini əhatə edən ikinci qrup üçün 3 günlük təlim kursu təşkil olunub.

Açılış nitqi ilə çıxış edən “Konstitusiya”  Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev layihə barədə ətraflı məlumatları diqqətə çatdırıraq, mövzunun əhəmiyyətini qeyd edib. O bildirib ki, Azərbaycanda sahibkarlığın xüsusən də qadın sahibkarlığının inkişafı istiqamətində mühüm addımlar atılır, əhəmiyyətli layihələr həyata keçirilir. Məqsəd isə qadınları bu sahəyə fəal şəkildə cəlb etmək və bu istiqamətdə maarifləndirməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu gün qadınlar üçün yaradılan geniş imkanları qeyd edərək bildirib ki, sahibkar olmaq istəyən, öz bizneslərini yaratmaq istəyən qadınların biznes planlaşdırılması, iqtisadi sahədə məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir: “Eyni zamanda Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramı ilə birgə hazırda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsini uğurla davam etdirir. Qadın Resurs Mərkəzlərimizdə  gənc, xüsusilə həssas qrupa daxil olan qadınların cəmiyyətə inteqrasiyası, müxtəlif  peşələrə  yiyələnməsi  üçün təlimlər təşkil olunur”.

Təlimlər AQUPDK-nın aparat rəhbəri Ceyran Rəhmətullayeva, Komitədə şöbə müdiri Taliyə İbrahimova, şöbə müdiri müavini vəzifələrini icra edən Aynur Veysəlova və BDU-nun nümayəndəsi Nigar Səfərova tərəfindən “Dövlət gender siyasəti”, “BMT-nin CEDAW Komitəsinin fəaliyyəti”, “Qadınların sosial və iqtisadi hüquqları”, “Gender bərabərliyinin təmin edilməsi istiqamətində milli qanunvericilik”, “Gender bərabərliyinin təmin edilməsi istiqamətində stereotiplərlə mübarizə”, “Azərbaycanda Sahibkarlıq sahəsində Gender durumu”, “Şirkətlərdə Gender siyasəti necə qurulmalıdır”, Qadınların inkişafında sosial münasibətlərin və mühitin rolu”, “İri şirkətlər Qadın sahibkarlığını necə dəstəkləyə bilər” və digər əlaqəli mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.

Təlimin yekununda “Konstitusiya”  Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov çıxış edərək təlim iştirakçılarına uğurlar arzu ediblər.

Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.