“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Pirallahı rayonunda keçirilib

16 yanvar 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə keçirilən “Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir.

Layihənin Pirallahı rayonu üzrə açılış tədbiri 16 yanvar 2019-cu il tarixində Pirallahı rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə rayon 168 nömrəli orta məktəbin binasında keçirilib.

Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Vəzir Səfixanov cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Vəzir Səfixanov qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışı zamanı bildrib  ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Bununla yanaşı qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib. “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Aynur Sofiyeva, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb. “Ailə Akademiyası” layihəsinin ictimai əsaslarla yaradıldığını qeyd edən Aynur Sofiyeva əsas hədəfin gənclər, yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib. 

Aynur Sofiyeva respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, bu istiqamətdə qəbul edilən qanunlardan söhbət açaraq bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb.

“Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.   

Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşıyev, Pirallahı bələdiyyəsinin sədri Əliyulla Əliyev “Ailə dəyərlərinin müqəddəsliyi”, “Ailə münaqişələri və həlli yolları”, “Ailə dəyərləri və müasir gənclik”, “Ailə dəyərləri və prinsipləri” və bu kimi digər mövzular əsasında milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar.

         Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.