“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Yasamal rayonunda keçirilib

18 yanvar 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə keçirilən “Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir.

Layihənin Yasamal rayonu üzrə açılış tədbiri 17 yanvar 2019-cu il tarixində Yasamal rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Yasamal rayon bələdiyyəsində keçirilib.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini
Təravət Muradova “Ailə Akademiyası” layihəsinin həyata keçirilməsinin ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu diqqətə çatdırıb. Azərbaycanda ailə dəyərlərinin çox yüksək qiymətləndirildiyini vurğulayan Təravət Muradova layihənin xüsusilə gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını qeyd edib.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, bu istiqamətdə qəbul edilən qanunlardan söhbət açaraq bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb.

Bununla yanaşı, qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib. “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Aynur Sofiyeva, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb. “Ailə Akademiyası” layihəsinin ictimai əsaslarla yaradıldığını qeyd edən Aynur Sofiyeva əsas hədəfin gənclər, yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib. 

 “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.   

AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Yasamal rayon bələdiyyəsinin sədri Zakir Cəfərov və rayon Ağbirçəklər Şurasının sədri Tamilla Şahbazova “Ailə Akademiyası” layihəsinin ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu vurğuladılar.

“Milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi” mövzusunda davam edən dəyirmi masada Bələdiyyələrlə iş mərkəzinin sədr müavini Əli Əkbərli, “Hacı Soltanəli” Məscidinin imamı Hacı İbrahim Yarıyev, Yasamal rayon Qeydiyyat şöbəsinin böyük mütəxəssisi Səadət Şükürova, rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva çıxış ediblər.

         Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.