YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib

7 fevral 2019

Paylaş:

Fevralın 7-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin  təşəbbüsü ilə “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib. Tədbirin moderatoru, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov müasir dövrdə gənclərin ailə məsələlərinə baxışlarının aktual olduğunu bildirib.

Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, ailə cəmiyyətin əsasını təşkil edir. Bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir.  A.Naxçıvanlı deyib ki, tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Onun sözlərinə görə, cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır.  Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir.

Aynur Sofiyeva çıxışı zamanı bildrib  ki, ailə cəmiyyətin aparıcı qüvvəsi olan vətəndaşları yetişdirir, dəyərlər sistemini formalaşdırır, sosial münasibətlərin nizamlayıcısı rolunda çıxış edir. Ona görə də cəmiyyətimiz möhkəm və sağlam ailənin qurulmasında maraqlıdır. Güclü ailə güclü dövlət deməkdir. Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Məhz bu baxımdan dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir və bu sahə prioritet istiqamətlərdən sayılır. Qloballaşmanın ailə institutuna olan təsirlərini qeyd edən Aynur Sofiyeva bildirib ki, bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribanlıq, tolerantlıq şəraitində yaşayırlar. Aynur Sofiyeva ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, bu istiqamətdə qəbul edilən qanunlardan, eyni zamanda ailələrin, xüsusilə də həssas təbəqədən olan ailələrin sosial bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən söhbət açaraq bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb.

Tədbirdə həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Simurq”  Azərbaycan Mədəniyyət Asossiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov çıxış edərək mövzu ilə əlaqədər fikirlərini bildiriblər.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.