“Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!” mövzusunda tədbir keçirilib

22 fevral 2019

Paylaş:

2018-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilir.

Bu istiqamətdə tədbirlərin ilk peşə-ixtisas təhsili müəssisələrində davam etdirilməsi məqsədilə, 22 fevral 2019-cu il tarixində  Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 6 nömrəli Bakı Peşə Məktəbində “Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!” mövzusunda tədbir keçirilib.

Tədbirin əvvəlində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının, orada yaşayan azərbaycanlılara qarşı törədilən soyqırımın qurbanları 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan peşə məktəbinin direktor müavini Fərhad İsmayılov tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam nəsil kimi yetiştirilməsi, onların sağlamlığının təmin edilməsi üçün respublikamızda lazımi şəraitin mövcudluğunu vuğulayaraq, yeniyetmə və gənclərimizdə sağlam həyat tərzi keçirmək vərdişinin tərbiyə olunması istiqamətində görülən işlərdən bəhs edib.

Sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Lətafət Dadaşova“Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!”  adlı təqdimatla çıxış edərək, tədbir iştirakçılarına zərərli vərdişlərin fəsadlarından  və sağlam həyat tərzinin əsas komponentlərindən ətraflı məlumat verib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və peşə məktəbinin tələbələrini maraqlandıran suallara cavab verilib.

Sonda Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub və  “Azərbaycan Ailəsi Film Festivalına”  təqdim olunan milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Xoşbəxtliyin açarı”, “Ailə bir ağacdır” qısametrajlı filmləri və cəmiyyətdə mövcud olan problemlərdən bəhs edən  “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş edilib.