Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova İran İslam Respublikasına səfər edib

27 fevral 2019

Paylaş:

2019-cu ilin 26 fevral tarixində Tehranda “Qadınlar, Davamlı Sülh və Təhlükəsizlik” mövsuzunda Beynəlxalq tədbir keçirilib. Tədbirdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərliyi etdiyi nümayəndə heyəti iştirak edib.

İran İslam Respulikası Prezidentinin qadın və ailə məsələləri üzrə Vitse-Prezidenti xanım Məsumə Ebtekar tərəfindən təşkil edilmiş tədbirdə, BMT-nin qadınlar təşkilatının (UN WOMEN) Asiya və Sakit okean üzrə regional direktoru, Əfqanıstan İslam Respublikasının Qadın Məsələləri üzrə naziri xanım və başqa yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Rəsmi hissədə çıxış edən S. Qəhrəmanova tədbirin təşkilatçılarını salamlayaraq, konfransa dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib

Azərbaycan Respublikasının ailə, qadın və uşaq siyasətinin ayrı-ayrı istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verən sədr müavini dünyada ekstremizm və zorakılığın, terrorizmin, dini, milli, irqi ayrı-seçkiliyin artması müşahidə olunduğunu, tolerant yanaşmanın zəif olması nəticəsində mənfi tendensiyanın artmasını qeyd etmişdir.

S. Qəhrəmanova diqqətə çatdırmışdır ki, ölkəmizdə insan hüquqlarının müdafiəsi çərçivəsində qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm qərarlar qəbul olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkəmizdə bu istiqamətdə çoxsaylı nailiyyətlər əldə olunmuş və güclü qanunvericilik bazası formalaşmışdır.

Çıxışında komitə sədrinin müavini xüsusilə qeyd etmişdir ki, cəmiyyətimizin ən həssas təbəqəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşən ailələrdir. Məhz tədbirin keçirildiyi günün 26 fevral tarixinin Azərbaycan tarixində ən qanlı səhifələrdən biri olduğunu, Xocalı soyqırımı olduğunu və bu soyqırım nəticəsində günahsız insanların o cümlədən qadın və uşaqların erməni qəsbkarları tərəfindən vəhşicəsinə işgəncəyə məruz qalması və qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, minlərlə insanın yaralanıb və itkin düşməsi faktının natiq tərəfindən vurğulanması tədbir iştirakçılarında kədər hissi yaratmışdır.  Baxmayaraq ki, artıq 25 ildir ki atəşkəs rejimi elan olunmuşdur, lakin dəfələrlə bu rejim pozulur, nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulur. Belə vəziyyətdə qadınların yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyatları boyu davam edir. Biz hər hansı bir uşağın və ya qadının istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi, müharibədən əziyyət çəkməsinə qarşı olduğumuzu qeyd etmişdir. Eyni zamanda, qaçqın və məcburi köçkün qadın və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən göstərilən diqqət və qayğı tədbir iştirakçılarının nəzərinə çatdırılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu dövlət siyasətinin əsas istiqamətləri qeyd edilmişdir. S. Qəhrəmanova cıxışında bildirmişdir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə belə həssas təbəqədən olan insanlar üçün çox böyük işlər görülür. Onların yenidən cəmiyyətimizə inteqrasiyası, sosial müdafiəsi, yaşayış şəraitinin yaxşılaşdırılması və reabilitasiyası hökumətimizin xüsusi diqqət göstərdiyi məsələlərdir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınmış, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilmiş, müasir tələblər əsasında infrastrukturun yaradılması konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. “Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var. O da doğma torpaqlara qayıtmaqdır”,- deyə Sədaqət Qəhrəmanova bildirmişdir.

Konfrans çərçivəsində S. Qəhrəmanova İran İslam Respulikası Prezidentinin qadın və ailə məsələləri üzrə Vitse-Prezidenti xanım Məsumə Ebtekar ilə rəsmi görüş keçirmiş, son dövrlərdə ölkəmizdə qadınlarla bağlı aparılan dövlət siyasəti və görülən layihələr barəsində məlumat vermişdir. Öz növbəsində xanım Vitse-Prezident də İran İslam Respublikasında qadınlarla bağlı görülmüş işlərdən danışmışdır.

Daha sonra nümayəndə heyəti İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi və nazirliyin qadın məsələləri üzrə müşaviri ilə ikitərəfli görüş keçirmiş, qadınların İKT-də inkişafı sahəsində hər iki ölkədə görülmüş işlər barəsində fikir mübadiləsi aparılmışdır.

Tədbirin sonunda sədr müavini İran İslam Respublikasının Prezidenti aparatının qadın məsələləri şöbəsinin informasiya məsələləri üzrə məsul nümayəndəsinə Azərbaycanda qadın siyasəti haqqında son dövrlərdə görülmüş işlər barəsində müsahibə vermişdir.

Ümumilikdə, səfər  qarşılıqlı təcrübə mübadiləsi baxımından səmərəli keçmişdir.