Uşaq və Ailələrə Dəstək Mərkəzləri Novruz Bayramı münasibəti ilə bayram tədbirləri keçirib

19 mart 2019

Paylaş:

Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Ağdam, Hacıqabul, Zərdab, Goranboy, Göygöl, Zaqatala, Qəbələ və İsmayıllı  Uşaq və Ailələrə Dəstək Mərkəzləri  Novruz Bayramı münasibəti ilə bayram tədbirləri təşkil edib. Bayram tədbirlərində icmada yaşayan həssas təbəqədən olan ailələrin uşaqları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edib. Tədbirdə çıxış edənlər xalqımızı bayram münasibəti ilə təbrik edib və qeyd ediblər ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Varlığın yenidən canlanmasını müjdələyən Novruz sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Tədbirdə uşaqlar bayram üçün hazırladıqları rəqsləri, mahnıları, şerləri, hazırladıqları səhnəcikləri təqdim edib. Keçəllə Kosanın uşaqların Novruza aid biliklərini yoxlayan əyləncəli, şən oyunları günə, tədbirə başqa bir rəng qatıb. Tədbir  iştirakçıların və tamaşaçıların birgə ifa etdikləri birlik, həmrəylik rəmzi olan “Yallı” ilə davam edib.

Tədbirdə həmçinin imkansız ailələrdən olan, uşaqlara bayram xonçaları və Novruz sovqatı  təqdim edilib.