BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçirilib

20 noyabr 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə 18 noyabr, 2016-cı il tarixində “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız”  mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açaraq bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. “Beynəlxalq təşkilatlar tərəfindən ötən əsrin 50-ci illərindən başlayaraq, onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılıb. Çünki uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm sənədlərdən biri BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və bu sənədin 2 əlavə fakültativ protokolları olub. Azərbaycan BMT-nin müvafiq komitəsinə 3 dövri hesabat təqdim edib. Çox sevindirici haldır ki, ildən-ilə Azərbaycan hökuməti tərəfindən görülən işlər müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və priortet istiqamət təşkil edir. “Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub. Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Eyni zamanda, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır”.

Komitə sədri vurğulayıb ki, ölkəmizdə uşaq hüquqları sahəsində qanunvericilik bazası ildən-ilə daha da təkmilləşdirilir. Belə ki, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına, talassemiya və hemofiliyaya dair, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə dövlət proqramları qəbul edilib. Uşaqların sağlamlıq hüququnun təmin edilməsi sahəsində “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq tədbirlər görülüb. Valideyn məsuliyyətinin artırılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklərin edilməsi haqqında qanunlar qəbul olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək hədəf istiqamətlər üzrə mühüm sənədlər hazırlanır. Artıq Uşaq Strategiyası aidiyyəti qurumlara göndərilıb. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş aparılır. Komitə sədri erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi kimi problemlərin qarşısının alınması istiqamətində keçirilən maarifləndirici tədbirlərdən də danışıb.

BMT-nin Uşaq Fondunun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə çıxışında “Uşaq hüquqları haqqında” Konvensiyanın əhəmiyyətindən, eləcə də ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində əldə olunan müsbət nəticələrdən danışıb. BMT-nin rəsmisi bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir uşağın hüququnun qorunması əsas məsələdir. O, uşaqların sağlamlıqlarına və təhsillərinə ayrılan vəsaitin bütün ölkələrdə artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov çıxışında deyib ki, uşaqları pis vərdişlərə yönəltmək çox asan olduğundan maarifləndirmə işinin aparılması vacibdir. Uşaqların müdafiəsi ilə yalnız ayrı-ayrı dövlət qurumları məşğul olmalı deyil. Bu sahə ilə məşğul olan QHT-lər də dövlət qurumları ilə həmin istiqamət üzrə əməkdaşlıq etməlidirlər.

Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunvericilik bazasının mövcud olduğunu və uşaqlar arasında aparılan maarifləndirici tədbirlərdən danışıb.

Tədbirdə həmçinin, uşaqlar arasında elan edilmiş müsabiqəyə uyğun olaraq uşaq hüquqları ilə bağlı məsələləri, onların fikirlərini özündə birləşdirən ən uğurlu təqdimatın nümayiş olunub.