“Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçiriləcək

21 noyabr 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaq hüquqları ilə bağlı məlumatllılığın artırılması və onların hüquqlarının effektiv müdafiəsinin təmin olunması, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

Məlum olduğu kimi, uşaq hüquqları sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri olan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm beynəlxalq sənədlərdən biridir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə 18 noyabr, 2016-cı il, saat 11:00-da Hökumət Evi, Konfrans zalında “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız”  mövzusunda tədbir keçiriləcək.

Tədbir zamanı uşaqlarla aktiv müzakirələrin aparılması, həmçinin uşaqlar arasında elan edilmiş müsabiqəyə uyğun olaraq uşaq hüquqları ilə bağlı məsələləri, onların fikirlərini özündə birləşdirən ən uğurlu təqdimatın nümayişi də planlaşdırılır.

Tədbirdə UNICEF, Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı nümayəndələrinin, həmçinin Bakı şəhərinin hər bir rayonunu təmsil edən uşaqların iştirakı nəzərdə tutulmuşdur.