Cocuq Mərcanlıda “Qələbəyə doğru” kuboku uğrunda keçirilən intellektual yarışın qalibləri mükafatlandırıldı

23 aprel 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il ənənəvi olaraq uşaqlar arasında təşkil olunan “Qələbəyə doğru” kuboku uğrunda regional intellektual bilik yarışı bu il 23 aprel 2019-cu il tarixində Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Kəlbəcər, Xocavənd, Laçın, Beyləqan rayonlarının iştirakı ilə keçirilib.

 Tədbirin keçirilməsində məqsəd sərhədyanı rayonlardan olan uşaqların asudə vaxtının təşkili, onların Azərbaycanın tarixi, mədəniyyəti haqqında biliklərini artırmaq, uşaqlar arasında inteqrasiya yaratmaq, onların istedadlarının aşkar edilməsi və stimullaşdırılması, eləcə də bu istiqamətdə tədbirlərin keçirilməsinə cəmiyyətin diqqətini yönəltməkdir.

Oyundan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndilib. Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub.

 Cəbrayıl rayon icra başçısının müavini Fəridə İbayeva iştirakçıları salamlayaraq, bu cür yarışların uşaqların asudə vaxtının səmərəli şəkildə keçirilməsində rolu, onların dünyagörüşü və intellektual biliklərinin artırılmasındakı əhəmiyyətini qeyd edib. O Cocuq Mərcanlıdan Şuşaya" deyərək növbəti "Qələbəyə doğru" yarışmasının Şuşada keçirilməsini arzu edib. F.İbayeva bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Cocuq Mərcanlı kəndində görülən işlər və yaradılan şərait ölkəmizdə hər bir sahədə gedən dinamik inkişafın bariz nümunəsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Qələbəyə doğru" yarışmasının Cocuq Mərcanlıda keçirilməsinin həm həyəcan, həm də sevinc və qürur hissi doğurduğunu ifadə edib. O qeyd edib ki, qələbəyə doğru gedilən ilk yol buradan keçdi və uğurla davam edəcəkdir: "Biz bu qələbəyə inanırıq. Bizdə bu inamı yaradan güclü dövlətimiz, güclü liderimiz və liderimizi dəstəkləyən vətənpərvər xalqımızdır".

Sədr müavini bildirib ki, milli-mənəvi dəyərlərimizin gənc nəslə ötürülməsi, onların vətənpərvər ruhda, sağlam mühitdə böyüməsi və tərbiyə alması çox vacibdir, bu məqsədlə mütəmadi olaraq maarifləndirici layihələrin keçirilməsinin mühüm əhəmiyyəti vardır.  Belə tədbirlər uşaqların cəmiyyətdə aktiv iştirakına, düzgün həyat tərzinin formalaşmasına müsbət təsir göstərir.  

A. Sofiyeva diqqətə çatdırıb ki, bu müsabiqə görkəmli  oftalmoloq-alim Zərifə Əliyevanın  xatirəsinə həsr olunmuşdur. Azərbaycanın ictimai və elmi həyatında əvəzsiz xidmətləri olan bir çox ziyalıları vardır. Bu tanınmış və nüfuzlu şəxsiyyətlər öz fəaliyyətləri, vətənpərvərliyi,  tariximizə,  milli  adət-ənənələrimizə bağlılıqları ilə sözün əsl mənasında vətəndaşlıq nümunəsinə çevrilmişlər. Onlar Vətənimizin dünyada tanınmasında müstəsna xidmətlər göstərmişlər. Komitə sədri uşaqlara müraciət edərək, bildirib ki, gənc nəslin, məktəblilərin  belə ziyalıların, alim və ictimai xadimlərin həyat və yaradıcılığı ilə tanış olması, onlardan nümunə götürmələri çox mühümdür.

"Kapital Bank" ASC-nin mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov Komitə ilə Bank arasında imzalanan memorandum çərçivəsində uşaq hüquqları istiqamətində keçirilən layihələrin əhəmiyyətini qeyd edib. O bildirib ki, sağlam gələcək üçün təhsilli olmaq mütləqdir və cəmiyyətin inkişafı üçün uşaqlarımızın hərtərəfli təhsil alması istiqamətində dövlətimiz tərəfindən vacib işlər həyata keçirilir.

İntellektual yarışda I, II, III yerin qalibləri olan komandalar  Komitə və Kapital Bank tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıllıb. I yerin qalibi olmuş Füzuli komandasına Komitə tərəfindən “Qələbəyə doğru” kuboku təqdim olunub.

 Qeyd edək ki, yarışma 8 rayonu təmsil edən hər komandada 5 nəfər məktəbli olmaqla keçirilib. Komanda üzvləri daxili seçim turları nəticəsində dünyagörüşü və intellekt səviyyəsi yüksək olan məktəblilər arasından müəyyən olunublar.