“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir Qobustan rayonunda keçirilib

7 may 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə 2017-ci ildən etibarən start verilən
“Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir.

Layihənin davamı olaraq, növbəti regional tədbir Qobustan rayon İcra Hakimiyyəti ilə birgə Qobustan, Ağsu, Şamaxı rayonlarının aktiv bələdiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə 3 may 2019-cu il tarixində Qobustan rayon İcra Hakimiyyətində keçirilib.

Tədbiri giriş sözü ilə açan Qobustan rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Güləliyeva tədbir iştirakçılarını salamlayaraq, layihənin əhəmiyyəti barədə çıxış edib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir və bu sahə prioritet istiqamətlərdən sayılır. Qloballaşmanın cəmiyyətin təsisatlarına xüsusilə də ailə institutuna olan təsirləri barədə danışan A.Sofiyeva bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribanlıq, tolerantlıq şəraitində yaşayırlar.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, yerli özünüidarəetmə orqanları ilə birgə keçirilən “Ailə Akademiyası” layihəsi barədə məlumat verən A.Sofiyeva layihənin ictimai əsaslarla keçirildiyini və əsas hədəfin gənclər, xüsusilə gənc qızlar,yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib. A.Sofiyeva layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.

“Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin məsləhətçisi Azər İsalı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.   

AMEA-nın Fəlsəfə İnstitutunun  Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Qobustan rayon Cəyirli kənd bələdiyyəsinin sədri Aynur Axundova, Qobustan rayon Heydər məscidinin axundu Çingiz Babaşov, Qobustan rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov layihənin əhəmiyyəti barəsində çıxışlar edib.

Eyni zamanda regional tədbirdə Ağsu və Şamaxı rayonlarının bələdiyyə nümayəndələrinin çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

         Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.