“Ana südü ilə qidalanma” mövzusunda tədbir keçirildi

7 may 2019

Paylaş:

2018-ci ilə ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsilli müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məlumatları) və QİŞS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirir.

Bu istiqamətdəki tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarında yerləşən ilk peşə-ixtisas təhsil müəssisələrində planlaşdırılır. Növbəti tədbir  7 may  2019-cu il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 4 nömrəli Bakı Peşə Liseyində “Ana südü ilə qidalanma” mövzusunda liseyin qız tələbələri üçün keçirilib.

Tədbiri giriş sözü ilə açan liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytac Rzayeva tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbir keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova tədbir iştirakçılarına Komitənin iş istiqaməti və fəaliyyəti haqqında məlumat verərək, rəsmi nikahın vacibliyindən, qeyri-rəsmi nikahdan yaranan fəsadlardan, nikah pozulmuş ailələrdə uşaqların yaşadığı mənəvi sarsıntılardan, məişət zorakılığı və onun növlərindən bəhs edib. O, həmçinin hal-hazırda ailələri narahat edən problemlərdən, nikahın pozulması nəticəsində yaranan problemlərdən, ailədə zorakılığın, erkən nikahın, qan qohumluğun, insan alverin, qeyri-rəsmi nikahın fəsadlarından söhbət aparıb.

Daha sonra çıxış edən Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə “Ana südü ilə qidalanma” mövzusunda çıxış edərək, uşaqların ana südü ilə qidalanmanın əhəmiyyətindən, qidalanmanın növlərindən, ana südünün əvəzedilməz güclü qidaya lazım olan amillərdən danışıb.

Sonra Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına paylanılıb və “Azərbaycan Ailəsi” Film Festivalına təqdim olunan milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Ailə bir ağacdır” qısametrajlı film və cəmiyyətdə mövcud olan problemlərdən bəhs edən “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş edilib.