“Gender bərabərliyi və media” mövzusunda konfrans keçirildi

13 may 2019

Paylaş:

13 may 2019-cu il tarixində Avropa Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Gender bərabərliyi və media” mövzusunda konfrans keçirilib.

Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunan konfrans dövlət qurumlarının, ali təhsil müəssisələrinin, diplomatik korpusun, media və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də xarici və yerli ekspertlərin iştirakı ilə baş tutub.

Konfransın açılış sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, Səfir Zoltan Hernyes, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, millət vəkili, AŞPA-nın Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi Komitəsinin üzvü Sahibə Qafarova, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

AŞ-nın Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes bildirib ki, konfransın keçirilməsində əsas məqsəd gender bərabərliyi və media sahəsində AŞ standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və açıq müzakirələrə şərait yaratmaqdır. Z.Hernyes deyib ki, Azərbaycan ilk dəfə olaraq 100 il əvvəl müsəlman dünyasında qadınlara səsvermə hüququ verməklə  hətta bəzi qərb ölkələrini bu məsələdə qabaqlayıb. Bu gün də Azərbaycan gender bərabərliyi sahəsində irəliləməkdədir. Səfir  qeyd edib ki, media çox vacib alətdir. İctimaiyyətin məlumatlandırılmasında jurnalistlər, bloqqerlər çox böyük töhfə verirlər. Qadınların və qızların gücləndirilməsi BMT gündəliyində də duran vacib məsələdir. Avropa Şurası bərabərliyə nail olmaq üçün bir sıra addımlar atıb, sənədlər qəbul edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biridir və bu, demokratiyanın vacib addımlardan biri idi: “Azərbaycanın seçdiyi yolla gedərək çox böyük addımlar atıb. Qadınların inkişafına daha çox diqqət yetirib onları müdafiə etməliyik. Çünki dünyada hazırda bir çox proseslər gedir və ölkənin, cəmiyyətin yarısını, bəzi ölkələrdə çoxunu təşkil edən qadınlar hansısa inkişafdan kənarda qalsalar o ölkənin və cəmiyyətin gələcəyi yoxdur”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda güclü, düzgün gender siyasətinin həyata keçirildiyini deyən H.Hüseynova ölkə rəhbərinin bu məsələyə xüsusi diqqət ayırdığını vurğulayıb: “Gender bərabərliyi, məişət zorakılığına qarşı qanunlar qəbul edilib. Qəbul edilən bütün qanunlar özündə gender komponentini daşıyır ki, bu da çox vacib məsələdir. Çalışmalıyıq ki, ilk növbədə qadınlar öz hüquqlarını bilsinlər. Seçkili orqanlarda onların sayı artsın. Əvvəl bələdiyyə seçkilərində qadınların iştirakçılığı 4 faiz idisə, bu gün artıq bələdiyyədə qadınların sayı 30 faizdir. Amma bu faiz daha da artmalıdır”. Komitə sədri deyib ki, Respublikanın  Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr dövlət qadın siyasətinin daha da güclənməsinə və gender bərabərliyinin təmin olunmasına böyük  töhfədir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda qadınların inkişafı, gender bərabərliyinin təmin olunması istiqamətində sistemli şəkildə ardıcıl tədbirlər həyata keçirilir.

Media ilə sıx əlaqələrin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Komitə sədri bildirib ki, müasir medianın vəzifələrindən biri də gender stereotiplərinin aradan qaldırılmasında  səylərini daha da gücləndirməkdir. Çünki, media kütləvi mənafeləri  əks etdirən, yeni mənaları tərtib edən və ötürən ictimai bir qurumdur. Ona görə də jurnalistlər gender bərabərliyi ilə bağlı  maarifləndirici təlimlərə cəlb olunmalı, bu sahədə  biliklərini  daha da təkmilləşdirməlidirlər.

Ombudsman Elmira Süleymanova insan haqlarının müdafiəsi, qadınların hüquqlarının, onların liderliyinin gücləndirilməsi, ictimai məlumatlılığının artırılması sahəsində görülmüş işlərdən söz açıb. O bildirib ki, Azərbaycanda hüquq və azadlıqların təmin olunmasında bir sıra uğurlar əldə olunub. Eyni zamanda qadın və uşaqlara qarşı zorakılıqların aradan qaldırılması istiqamətində də mütəmadi olaraq işlər aparılır: "Qadınlara və uşaqlara qarşı zorakılığın səbəblərini araşdırmaqla, belə halların aradan qaldırılmasına kompleks yanaşma vacibdir. Qadınların liderlik, özünəməşğulluq imkanlarının inkişafı, seçkilərdə, ictimai həyatda qərar qəbul etmədə qadın və kişilərin birgə iştirakının əhəmiyyəti barədə ictimai məlumatlılığın artırılması əhəmiyyətlidir. Qadınların iqtisadi asılılığın, iqtisadi istismarının aradan qaldırılması istiqamətində təkliflər və tövsiyələr irəli sürülüb və tətbiq edilməsi istiqamətində işlər görülür". 

Milli Məclisin deputatı Sahibə Qafarova  Azərbaycanda gender bərabərliyinin təmini istiqamətində görülən mühüm işlərdən danışıb. Bildirib ki, gender bərabərliyinin əldə edilməsi, həm də sosial ədalətə nail olunması ictimai münasibətlərin düzgün qurulması deməkdir. Ona görə də bütün dünyada bu sahədə daha çox işlər görülməlidir: “Azərbaycan təcrübəsinə nəzər salsaq, qadınlarımız ictimai həyatın hər bir sahəsində fəallıq göstərirlər. Bu istiqamətdə dövlət səviyyəsində yüksək diqqət və qayğı var. Bir sıra qabaqcıl ölkələrfən fərqli olaraq Azərbaycan daha böyük uğurlar əldə edib və qeyd edildiyi kimi qadınlara müsəlman dünyasında ilk olaraq səsvermə hüququ verib. Ölkəmizdə bu gün də  aparılan islahatlar qadınların cəmiyyətdə rolunun artırılmasına kömək edir. Bütün istiqamətlərdə qadınların iştirakçılığı artıb”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan mediasında əməkdaşların 45-55 faizə qədərini qadınlar təşkil edir. Onun sözlərinə görə, Azərbaycan jurnalistikasının işlək qüvvəsi əsasən qadınlardır: “Mətbuat Şuradında cəmi iki qadın baş redaktor təmsil olunur. Təəssüf ki, KİV rəhbərləri arasında qadınlar azdır. Əminəm ki, yaxın vaxtlarda bu gün fəaliyyət göstərən qadın jurnalistlər rəhbər olacaq və söz sahibinə çevriləcəklər”. Ə.Amaşov qeyd edib ki, bir çox redaksiyalarda cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamaq barədə, kişi və qadın jurnalistlərə bərabər hüquq və imkanların təmin olunması istiqamətində prinsiplərə əməl olunur. Ancaq cinsi ayrı-seçkiliklə bağlı daha çox Azərbaycanın bölgələrində baş verən hadisələrlə əlaqədar və digər məqamlarda Azərbaycan jurnalistləri kifayət qədər ehtiyatla yanaşmalıdırlar. Bəzi məqamlarda belə hadisələrlə bağlı Mətbuat Şurasına şikayətlər daxil olur". 

Açılış sessiyasından sonra konfrans “Avropa Şurası, gender bərabərliyi və media azadlığı”, “Azərbaycan Demokratik Respublikası (ADR), qadın hüquqları və media”,   “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və problemlər” mövzuları üzrə 3 sessiya ətrafında çıxış və müzakirələrlə davam edib.