Fransanın Ailələrə Yardım Milli Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

17 may 2019

Paylaş:

16 May 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində xanım Hicran Hüseynova Fransanın Ailələrə Yardım Milli Agentliyinin rəhbəri xanım İzabel Sanserni, xarici əlaqələr, Avropa və Əməkdaşlıq departamentinin direktoru cənab Jil Kunovski, vitse-prezident cənab Jean-Marie Attard, ekspert cənab Andrei Tretyak və digər nümayəndələri qəbul edib. Görüşdə Azərbaycan və Fransa arasında gender bərabərliyi, ailə siyasəti, uşaq hüquqlarının müdafiəsi, sosial əməkdaşlıq və digər məsələlər müzakirə edilib.

Görüş çərçivəsində Komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi və siyasi təşəbbüsü ilə insan hüquqlarının müdafiəsi, gender bərabərliyi, məişət zorakılığı ilə mübarizə sahəsində qəbul edilmiş qanunlardan, uşaq nikahları ilə mübarizəyə həsr edilmiş maarifləndirmə kampaniyalarından, sosial islahatların nəticələri haqqında qonaqlara məlumat verib. Eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə humanitar və sosial sahədə həyata keçirilən layihələr, yeni tikilən təhsil müəssisələrinin, autist və talassemiyalı uşaqların müalicəsi və reabilitasiya haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Görüşdə Hicran Hüseynova ölkədə qərar qəbuletmədə qadınların təmsilçiliyi, xüsusilə bələdiyyə sistemində qadınların 35%, sahibkar qadınların sayının artması və dövlət orqanlarında gender balansının təmin edilməsi istiqamətində dövlətin siyasəti və digər məsələlər qeyd edib.

Fransanın Ailələrə Yardım Milli Agentliyinin rəhbəri İzabel Sanserni Fransada alimentlərin ödənilməsi, müavinət sistemi, təşkilatın fəaliyyət istiqamətləri, strukturu, problemlərin həlli istiqamətində təcrübəsini bölüşüb. Eyni zamanda, Fransada sığorta və müavinət sisteminin ailə siyasətinə əhəmiyyətli dəstəyi haqqında məlumat verib.

Görüş çərçivəsində qurumlar arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinə qərar verilib və əməkdaşlıq planları müzakirə edilib.