Avropa Şurasında keçirilən uşaqların onlayn istismarı və zorakılığının qarşısının alınmasına həsr olunmuş konfransda Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olundu

20 may 2019

Paylaş:

Avropa Şurası tərəfindən həyata keçirilən “Uşaqların onlayn istismarı və zorakılığının qarşısının alınması” üzrə layihə çərçivəsində Azərbaycan pilot ölkələrdən biri olaraq 10 ölkə arasından seçilib.

Layihənin açılış konfransı Strasburqda keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihə üzrə əlaqələndirici qurum olaraq iştirak etdiyi konfransda Milli Məclis, Xarici İşlər, Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycanı təmsil edib.

Konfransda bu sahədə Azərbaycanda aparılan dövlət uşaq siyasəti, sosial, siyasət, qanunvericilik və layihələr barədə məlumat verilib və panellər üzrə təqdimatlar edilib. 2 gün keçirilən konfransın sonunda Avropa Şurası Azərbaycanı üzv dövlət olaraq “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbulu və həyata keçirilən preventiv tədbir və layihələrə görə uğurlu siyasət aparan müsbət ölkəsi adlandırıb. Layihə çərçivəsində Avropa Şurasından nümayəndə heyətinin Azərbaycana səfəri və aidiyyəti qurumlarla görüşlərin keçirilməsi də nəzərdə tutulub. 2 il davam edəcək layihə müddətində bu sahədə qanunvericiliyin analizi, müxtəlif qurumların nümayəndələri üçün təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan Avropa Şurasının Uşaq hüquqları ilə bağlı Ad-Hoc və Lanzarota komitələrində təmsil olunaraq Avropa Şurasının bu sahədə qəbul etdiyi tövsiyələrin yerin yetirilməsi və Avropa Şurasının müvafiq komitələrinin hazırladığı maarifləndirici materialların Azərbaycan dilinə tərcüməsi və yayımlanması sahəsində də uğurlu addım atan tərəfdaş ölkə kimi qeyd olunur. Bu gündən Avropa Şurasının Uşaq hüquqları üzrə Ad-Hoc komitəsinin növbəti iclası öz işini davam etdirir.

Qeyd edək ki, konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin üzvü Sevinc Fətəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, şöbə müdiri Taliyə İbrahimova, Ədliyyə Nazirliyinin nümayəndəsi Aynur Sabitova, Daxili İşlər Nazirliyinin nümayəndəsi Orxan Şabanov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Xuraman İsmayılova iştirak edib.